“Qafqaz evinin yaradılması ideyası formal ehtiyacdan
ortaya atılıb”. Bunu "Amerikanın
Səsi" radiosuna müsahibəsində Bakı Siyası Təsir və Araşdırmalar Mərkəzinin
rəhbəri politoloq İlqar Məmmədov deyib.Cənab Məmmədov hesab edir ki, Ankara bu təklifi
Türkiyə baş nazirinin regiona çoxünvanlı səfərlərinə məna qatmaq üçün irəli
sürüb. "Bu ideya cənab Ərdogan üçün
sadəcə bir çətir idi. Çünki Gürcüstandakı hadisələr Türkiyəni çox maraqlandırır və
baş naziri Moskva, Tbilisi və Bakıya səfərə çıxaran əsas səbəb də bu
münaqişədir. Amma Qafqaz hələ ki
Türkiyənin məsuliyyət dairəsinə daxil olmadığı üçün baş nazir deyə bilməz ki,
bu münaqışəni tənzimləməyə gəlir. Bunu deyə bilmir və hansısa konsepsiya ortaya
qoymalı idi. Məncə bu ideyanı yaradan əsas səbəb sadəcə formal ehtiyac idi", -
deyib İlqar Məmmədov. Politoloqun fikrincə, ideyanın reallaşması üçün Rusiya zəifləməlidir. Onun fikrincə Moskva Ankarani Qafqaza buraxmayacaq. Cənab Məmmədov onu da vurgulayıb ki, Ankara Qafqazda dominantlığını
yarada bilsə, o zaman Türkiyənin bu kontekstdə Ermənistanla da əməkdaşlıq
qurmasında pis iş yoxdur. Onun
fikrincə bu, Azərbaycanın xeyrinə işləyə bilər.