Accessibility links

Bülənt Əlirza: “Azərbaycan çətin seçim qarşısındadır”


Vaşinqtonda yerləşən Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülənt Əlirza hesab edir ki, Rusiyanın Cənubi Osetiya və Abxaziyanı tanıması regionda dönüş nöqtəsi yaradıb və Azərbaycanı çətin seçim qarşısında qoyub. Cənab Əlirza "Amerikanın səsi"nə müsahibə verib:
Sual: Rusiyanın Cənubi Osetiya və Abxaziyanı rəsmən tanıması regiondakı qüvvələr nisbətinə necə təsir göstərəcək? Yəni bu, yeni vəziyyətdirmi?
Cavab: Olduqca yeni vəziyyətdir. Hərçənd ki, Rusiya bir müddət əvvəl qəbul etdiyi strategiyasını indi sadəcə, bu yolla leqallaşdırmaq istəyir. Çünki bu günə qədər Moskva sözdə Gürcüstanın ərazi bütövlüyünü hüquqi olaraq qəbul edirdi, faktiki olaraq isə Cənubi Osetiya və Abxaziyanı da öz nəzarəti altinda saxlayırdı. Əlbəttə, bu vəziyyət Gürcüstandakı müharibədən sonra dəyişdi. İndi Qafqazda Rusiyanın tanıdıgı iki yeni respublika var. Gürcüstan buna etiraz edir. Və indi bu dalganın həm Qafqazın içində, həm də Ukraynaya da yaylması ehtimalı var. Yəni böhranın artıq daha da dərinləşdiyini deyə bilərik.
Sual: Bəs bu vəziyyətdə Azərbaycan hansi siyasi kursu təqib etməlidir? Hər halda, Kosovonun müstəqilliyinin tanınması prosesində də Rusiya bunun başqa münaqişələr üçün presedent olacağını bildirmişdi. Azərbaycan rəsmiləri isə bu günə qədər açıq şəkildə Rusiyanı tənqiddən çəkiniblər...
Cavab: Azərbaycan ücün burada ən vacib məsələ, əlbəttə ki, Qarabağdır. Əgər Ermənistan Rusiyanın Gürcüstanda etdiyi kimi, Qarabağı tanıyarsa, o zaman Azərbaycanla arasındakı gərginlik daha da böyüyər. Amma bu, çox pis bir əmsal təşkil edəcək. Rusiya nə eləsə də, Azərbaycanın Cənubi Osetiyanı və Abxaziyanı tanıyacağına inanmıram. Amma eyni zamanda, Azərbaycan Rusiyanın atdığı bu addıma açıq şəkildə qarşı çıxa bilərmi? Gürcüstandakı müharibədən sonra Azərbaycan-Rusiya münasibətlərində yeni bir səhifə açıldı. İndi Rusiyanın regionda daha çox barışmaz siyasət yürütdüyünü görürük. Bu isə İlham Əliyev hökuməti üçün də çətin vəziyyət yaradır.
Sual: Belə olan halda Azərbaycan hansı tərəfə istiqamətlənməlidir?
Cavab:
Tezliklə Vaşinqtondan Bakıya vacib qonaq gedəcək. Vitse-prezident Çeyni həm Tbilisidə, həm də Bakıda olacaq. Məlumdur ki, Tbilisdə prezident Saakaşviliyə dəstək verəcək. Bakıda isə prezident Əliyevə deyəcək ki, baxın, görün ruslar nələrə əl atırlar, neft və qaz kəmərləri da daxil olmaqla şərq koridoruna təhdidlər yaradırlar, biz sizin bizim yanımızda olmağınızı istəyirik. Bunları mütləq deyəcək. Amma Azərbaycan buna necə cavab verə bilər? Necə də olsa, şimalda Rusiya kimi bir güclü qonşusu var o qonşu da son hadisələrin timsalında regionda öz gücünü göstərib. Üstəlik, həmən qonşunun Ermənistanla da çox yaxın əlaqəsi var. Beləliklə, Azərbaycanın yaxın günlərdə çox düşünülmüş bir siyasət yürütməsinə ehtiyac yaranıb. Yəni 1-2 həftə əvvələ baxanda, indi Azərbaycan çox çətin vəziyyətdədir və xüsusilə də, çətin seçim qarşısındadır.
Sual: Azərbaycan bu ilin əvvəlində Qərbin Kosovoda, indi də Rusiyanın Gürcüstanda sərhədləri milli azlıqların xeyrinə dəyişdirmək səylərini dəstəkləməyib. ATƏT-in Minsk Qrupuna rəhbərlik edən ölkələr arasında və eləcə də, onların hər ikisi ilə Azərbaycan arasında belə fikir ayrılıqlarının Qarabağ sülh nizamlamasına hansı təsirləri ola bilər?
Cavab: Azərbaycanın Kosovonu tanımamasının səbəbləri başa düşülən idi. Əgər tanısaydı, bu da Qarabağı silah gücü ilə tutmuş ermənilər üçün bir bayraq olacaqdı. Eyni şey indi Cənubi Osetiya və Abxaziya üçün də keçərlidir. Amma indi ən vacib məsələ Yerevanın Qarabağın müstəqilliyini tanıyıb-tanımayacağıdır. Əgər Ermənistan Rusiyanın da dəstəyi ilə buna getsə, onda Qafqazdakı gərginlik daha da böyüyəcək. Əks halda, belə olacaq: Bakı bu iki yeni respublikanı tanımamaqda davam edəcək və eyni zamanda, Rusiya ilə də hər hansı gərginlik istəməyəcək. Amma işin içində Vaşinqton da var axı. Birləşmiş Ştatlar bu məsələdə aqressiv şəkildə Rusiyaya qarşı çıxacaq. Bu isə, nə qədər Azərbaycanın diplomatiyası təmkinli olsa da, bu ölkəni, və xususil də enerji diplomatiyasını yeni çağırışlar qarşısında qoyacaq.

XS
SM
MD
LG