“Rusiyanın Gürcüstandan ayrılan bölgələrin müstəqilliyini tanıması onun ATƏT-in Minsk Qrupundakı vasitəçilik missiyasına açıq zərbədir”. Bunu “Amerikanın Səsi” radiosuna müsahibəsində azərbaycanlı politoloq, ölkənin keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.
Cənab Hüseynli bildirib ki, artıq Amerika ilə Rusiyanın Qarabağ nizamlaması üzərində birlikdə işləməsi mümkün deyil. “Rusiya ilə konfiqurasiyada Qərb cəbhəsini qətiyyətlə təmsil edən və Moskvaya qəzəblənən Fransa prezidenti Nikola Sarkozi də bundan sonra Minsk Qrupunda ruslarla bir yerdə işləməyə o qədər həvəsli olmayacaq” – deyə politoloq vurğulayıb.
Onun fikrincə, Rusiyanı öz daxilində də ağır nəticələr gözləyir. Belə ki, separatçı bölgələrin tanınması bumeranq effekti yaradır və sonradan geri qayıdır: “Artıq bəzi Qərb siyasətçiləri və ərəb ölkələri Çeçen xalqının mübarizəsinin tanınacağı barədə tezis irəli sürüblər. Rusiyada isə digər etnik xalqların da fəal mübarizəsi başlayıb. Tatarlar içərisində bu proses çoxdan başlayıb, sadəcə olaraq hələ intellektual səviyyədə gedir. Tula Respublikasında da Başqırdıstanda da bu proses gedir. İndi adi bir qığılcım Rusiyadakı xalqları öz məxmərindən çıxara bilər”. Politoloq deyib ki, indi Rusiya xalqların həbsxasına çevrilib.
Qabil Hüseynlinin fikrincə, son hadisələr regiondakı münasibətlər sistemini də poza bilər. Belə ki, Ermənistan Gürcüstandan ayrılmış respublikaların tanınma prosesinə qoşulmaqla əvəzində Moskvadan Qarabağ üçün oxşar dəstək istəyə bilər.