Accessibility links

Sergey Markov: “Azərbaycan çoxlu səhvlər buraxıb”


Qərb Gürcüstan böhranına görə Rusiyaya qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir. Bu gün Avropa Birliyinin liderləri Brüsseldə toplaşıblar. Birlik Gürcüstana yardım yollarını, eləcə də Rusiya ilə münasibətlərə yenidən baxılmasını müzakirə edir. Bəs Rusiyaya qarşı bütün bu addımlar və xəbərdarlıqlar Moskvanı narahat etmirmi? Rusiyalı təhlilçi və Dövlət Dumasının deputatı Sergey Markov "Amerikanın səsi"nə müsahibəsində bu suallara cavab verib.
Cənab Markov hesab edir ki, Qərbin sanksiyaları və Moskvaya qarşı digər potensial tədbirlər Kremldə heç bir narahatlıq yarada bilməz. Onun sözlərinə görə, Gürcüstanla müharibə Rusiyanın qələbəsi ilə başa çatıb və ruslar buna çox sevinirlər. Amma bir sıra Qərb ekspretləri bu fikirdədirlər ki, Moskva Gürcüstanla hərbi ixtilafında hətta öz dostlarından da dəstək ala bilmədi. Hərçənd, cənab Markov bu mülahizələrlə razılaşmır: "Vaşinqton real mənzərəni çox təhrif edir. Siz beynəlxalq reaksiyadan danışırsınız, amma tutaq ki, Çinlə məsələ aydındır. Onlarda separatçı rejimlər var. İndi bütün dünyada Tibet və digər regionların gələcəyi də müzakirə olunur. Buna görə Çin tanınmanı dəstəkləyə bilməzdi. Amma Çin Rusiyanın mövqeyini dəstəklədi. Onlar bunu bəyanatda açıq bildirdilər. Onlar bizim hərbi əməliyyatlarımızı dəstəklədilər. Bundan artıq dəstək olar? Məncə bu münaqişənin senarisi artıq bitib. Artıq məsələ həll olundu".
Rusiyalı deputat hesab edir ki, müharibənin Rusiyanın iqtisadiyyatına zərər vurması barədə məlumatlar həddən artıq şişirdilib. Baxmayaraq ki, son həftələr xarici investorların Rusiyanı tərk etməsi müşahidə olunur. Cənab Markov əmindir ki, Rusiya rəhbərliyi və rus biznesmenləri xarici sərmayeylə maraqlı deyilər. O ki qaldı Qərbin iqtisadi sanksiyalarına, Rusiyalı deputata görə, bu əks effekt də verə bilər, belə ki, Moskva da enerji diplomatiyasını sərtləşdirə bilər.
Bununla yanaşı, cənab Markov beynəlxalq sahədə soyuq müharibə barədə narahatlıqları qəbul etmir: "Biz soyuq müharibədən qorxmuruq. Amma bu təhlükə də yoxdur. Soyuq müharibə Sovet dövrünün termini idi. Biz yaxşı başa düşürük ki Vaşinqtonda da bunu istəmirlər".
Cənab Markov hesab edir ki, Qərb-Rusiya qarşıdurması Vaşinqtondan qaynaqlanır, belə ki, onun iddiasına görə, kimlərsə Rusiya ilə münasibətlərdən Amerikadakı seçkilər üçün istifadə edir.
Bəs Moskvada Qərblə qarşıdurmada digər postsovet ölkələrinin sərgilədiyi mövqeni necə qəymətləndiririlər? Cənab Markov habelə Azərbaycanın siyasəti və Gürcüstandakı münaqişənin Qarabağ probleminə təsiri barədə də sualımıza belə cavab verdi: "Azərbaycan da çətin vəziyyətdə qalıb. Çox müdrik olmaq lazımdır. Ölkə iqtisadiyyatını və başqa amilləri ciddi şəkildə düşünməlidir. Son vaxtlar Azərbaycan çoxlu səhvlər buraxıb. Bunlara yol verməmək lazımdılr. O ki qaldı Qarabağa, Gürcüstanın president təşkil etməsi deyə bir şey yoxdur. Azərbaycanın indi Qarabağa hücum planı da yoxdur. Məncə bu problem əvvəl-axır həll ediləcək".
Rusiya deputatı sonda onu da vurğuladı ki, Qərb-Rusiya qarşıdurması Azərbaycan kimi ölkələr üçün seçimini operativ şəkildə etməyi diqtə edir.

XS
SM
MD
LG