Accessibility links

Dik Çeyni: “Gürcülərin azad yaşamaq haqqı var”


Amerikanın vitse-prezidenti Dik Çeyni Tbilisidə olarkən, Gürcüstana güclü dəstək ifadə edib. Ağ Evin dərc etdiyi stenoqrama görə, prezident Mixail Saakaşvili ilə keçirdiyi brifinqdə cənab Çeyni bildirib ki, Gürcüstan Amerikanın davamlı dəstəyinə və yardımına bel bağlaya bilər.
«Amerikalılar son dörd həftə ərzində Gürcüstanın qarşılaşdığı çətinlikləri yaxşı bilirlər. Qızılgül İnqilabından sonra, Amerika bu gənc və cəsur demokratik dövlətin köməyinə gəldi. Siz öz suveren ərazinizin işğalı və sərhədlərinizin zor yolu ilə dəyişdirilməsi istiqamətində qanunsuz, birtərəfli cəhdlə mübarizə apararkən, biz bunu yenə də edirik", - deyə Amerikanın vitse-prezidenti vurğulayıb.
Dik Çeyni bildirib ki, Gürcüstanın müstəqilliyi və suverenliyi çox vacibdir. "Bu, aydındır, gürcülər azadlıq uğrunda və başqa torpaqlarda azadlıq uğrunda can qoyublar. Bütün gürcülərin azad yaşamaq haqqı var. Mən inanıram ki, gürcülərin qisməti azadlıqdır. Gürcülərin qəlbində böyük cəsarət var. Amerikada onların möhkəm və sadiq dostları var».
Cənab Çeyni əlavə edib ki, Rusiyanın bölgədəki hərəkətləri onun beynəlxalq partnyor kimi etibarlılığına şübhə yaradıb. "Təkcə Gürcüstan yox, regionun hər yeri və əslində, beynəlxalq aləmdə..."
Yüksək səviyyəli Amerika rəsmisi daha sonra ABŞ-ın Gürcüstana bir milyard dollar məbləğində yardım verəcəyini bəyan edib.
Gürcüstan prezidenti Mixail Saakaşvili isə dünya ictimaiyyətinin diqqətini Abxaziya və Cənubi Osetiyadakı etnik təmizləməyə cəlb etməyə çağırıb.
Gürcüstanın dövlət başçısı deyib ki, əgər kimsə bu etnik təmizləmənin nəticələrini leqallaşdırmaq arzusundadırsa, bu o deməkdir ki, o, insan faciəsini leqallaşdırmaq istəyir: «Gürcüstanın iki ərazisində etnik təmizləmə baş verib. Abxaziyadan son illər yerli əhalinin 80 faizindən çoxu qovulub, Cənubi Osetiyadan isə son illərdə əhalinin üçdə ikisi etnik təmizləməyə məruz qalıb».
Dik Çeyni hazırda Ukraynadadır. Sonra o, İtaliyaya gedəcək.


XS
SM
MD
LG