İranın dövlət mətbuatının bildirdiyinə görə, ölkənin hərbi hava qüvvələri sabah 3 günlük təlimlərə başlayacaq. Bu gün verilən məlumatda deyilir ki, təlimlər əsasən hava hücumlarına qarşı müdafiə sistemi, yeni silahlar və taktikalar üzərində cəmləşəcək. Bu addım İsrailin iyun ayında həyata keçirdiyi hərbi təlimlərə cavab kimi qiymətləndirilə bilər. O zaman təlimlər İrana qarşı hücuma hazırlıq kimi qarşılanmışdı. İsrail və Qərb İranın nüvə proqramından narahatdır. İran bu proqramın dinc mahiyyət daşıdığına israr edir. Avropa Birliyi və onun müttəfiqləri isə İranı nüvə silahı hazırlamağa cəhd göstərməkdə ittiham edir. Qərb diplomatları İranı uran zənginləşdirilməsi proqramını dayandırmağa çağırdığı bir vaxt, ABŞ və İsrail hərbi qüvvələrdən istifadə də daxil olmaqla, bütün variantların açıq olduğunu bildirir.