Accessibility links

Dik Çeyni: Rusiyanın davranışı beynəlxalq standardlara ziddir


Bu günlərdə Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliyada səfərdə olan ABŞ vitse prezidenti Dik Çeyni Ambrosetti forumunda səfərinin yekunlarına dair nitq söyləyib. Çıxışında cənab Çeyni Rusiyanın Gürcüstana hərbi müdaxiləsinə geniş yer ayırmış və birmənalı şəkildə Rusiyanın regionda yürütdüyü siyasəti pisləmişdir.

Sovet İttifaqı dağılandan bəri müstəqil dövlətlərin yaranmasını müsbət tonla qeyd edən Dik Çeyni totalitar rejimə qarşı mübarizədə Qərbin əzmkarlıq nümayiş etdirdiyini önə çəkib. Məhz o zaman göstərilən prinsipiallığın nəticəsində Avropa dövlətləri azadlıqlarını əldə ediblər və demokratik prinsiplər Şərqə doğru yayılmağa başlayıb, deyə vitse prezident qeyd edib. Lakin Rusiyanın Gürcüstana hərbi müdaxiləsi bərqərar olmuş dəyərlərin əksinə gedir. “Rus qüvvələri suveren dövlətin beynəlxalq sərhədlərini keçmiş, həmin ölkədə daxili münaqişəyə yardımçı olmuş, günahsız insan həyatına məhəl qoymadan mülki vətəndaşları öldürmüş və on minlərlə adam evindən didərgin salmışdır,” deyə cənab Çeyni bildirib. “Və bütün bunlar demokratik və Qərbyönümlü dövlətə qarşı həyata keçirilib.”

ABŞ vitse prezidenti Avropa tərəfdaşları ilə bərabər ölkəsinin Rusiyanın bu addımlarını qəbuledilməz və sivil davranış standardlarına zərbə kimi dəyərləndirdiyini önə çəkib. Onun sözlərinə görə Rusiya öz hərəkətlərinə bəraət qazandıra bilmir və bunu edə də bilməz. Belə ki, Gürcüstan tərkibindəki separatçı regionların statusu ilə bağlı fikir ayrılıqları Rusiya tərəfindən hərbi hücuma haqq qazandıra bilməz. O, habelə Rusiyanın atəşkəs razılığına əməl etməyərək tutduğu əraziləri tərk etmədiyini vurğulayıb. Dik Çeyninin sözlərinə görə cəmi 30 gün ərzində Rusiya demokratik dövlətin suveren hüquqlarını tapdamış, Avropa Birliyini təhqir edərək sazişi pozmuş və özünün qlobal statusuna ağır zərbə endirmiş, Birləşmiş Ştatlar və başqa dövlətlərlə əlaqələrini korlamışdır. Rusiyanın son təcavüzkar əməlləri bu ölkənin geniş planları ilə bağlı ciddi suallar meydana çıxarır. Orta Asiya və Qafqazda Rusiya enerjidən şantaj və zor üsulu kimi istifadə edib. Müxtəlif intervallarda Rusiya Gürcüstan, Ukrayna, Baltik respublikaları və Belarusa neft və təbii qaz nəqlini dayandırıb. Bundan əlavə Rusların Yaxın Şərqdə silah alveri regionda sülh və azadlıq perspektivlərini təhlükə altına qoyur. Rus hökumətinin NATO-nun şərqə doğru genişlənməsinə qarşı çıxması isə göstərir ki, Moskva sərhədlərində demokratik dövlətlərin təşəkkül tapmasını öz maraqlarına hədə kimi qarşılayır.

Rusiyaya öz mənfi davranışına son qoymağı xəbərdarlıq edən ABŞ vitse prezidenti Qərbin bu təhlükələrin qarşısında dayanmağa hazır olduğunu bildirib. Rusiya isə öz növbəsində bir sıra sualları nəzərdən keçirməlidir. Bu liderlər həqiqətən də inanırlar ki, başqlarını zorla öz siyasətlərinə uyğunlaşdıra bilərlər? Rusiya həqiqətən də onun varlanmasına gətirib çıxaran iqtisadi-siyasi dəyərlər sistemindən ayrılmaq istəyir? Nəhayət Rus hökuməti müasir dünyada demokratiya və yaxud diktaturaların tərəfində dayanmaq istəyir. Dik Çeyninin sözlərinə görə seçim Rusiyanındır.
XS
SM
MD
LG