Accessibility links

Metyu Brayza Azərbaycana və Ermənistana səfərə çıxır



Metyu Brayza
Amerika dövlət katibinin yardımçısı, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza sentyabrın 11-də Azərbaycana və Ermənistana səfərə çıxır. Vaşinqtondan ayrılmazdan öncə cənab Brayza "Amerikanın səsi"nə müsahibə verib. Müsahibəni təqdim edirik:
Sual:
İndi Azərbaycanda bir çoxları hesab edir ki, Gürcüstan hadisələri üzündən Rusiya ilə Amerika arasındakı son gərginliyin fonunda Minsk Qrupunun fəaliyyət göstərməsi daha mümkün deyil…
Cavab: Yox, fikrimcə, Minsk qrupunun gələcəyini zamanla biləcəyik. Ancaq məncə bu qrup öz funksiyasını saxlayacaq. Mən bu gecə Azərbaycana və Ermənistana yola düşürəm. Ümid edirəm ki, hər iki ölkənin liderləri ilə prosesi necə irəli aparmaq barədə fikir mübadiləsi edəcəyik. Deyə bilərəm ki, Dövlət Departamentində məndən yüksək vəzifəli şəxslər indi çox fəal şəkildə bu işə cəlb olunublar. Bu baxımdan, mənim ümidverici gözləntilərim var. Minsk Qrupu yaşayır və gözləmək olar ki, öz funksiyalarını davam etdirəcək.
Sual: Yəqin ki, Bakıda Rusiya-Gürcüstan münaqişəsini də müzakirə edəcəksiniz. Azərbaycana mesajınız nə olardı? İki qonşu ölkə arasındakı bu qarşıdurmada Bakı hansı siyasi kursu təqib etməlidir?
Cavab: Azərbaycan diqqətini özünə yönəltməlidir. Azərbaycan liberallaşan siyasi sistemi ilə, gündən-günə demokratik normalara yaxınlaşan, böyük iqtisadi artıma malik və Amerika ilə möhkəm dostluğu olan uğurlu ölkədir. Vitse-prezident Dik Çeyninin səfəri də buna sübutdur. Bizim təhlükəsizlik, enerji və demokratiya sahələrində eləcə də, daxili liberallaşma məsələlərində sıx əməkdaşlığımız var. Azərbaycan xalqı və rəhbərliyi heç vaxt bu dostluğu şübhə altına almamalıdır. Ola bilər ki, biz bəzən kimlərisə narazı sala biləcək bəyanatlarla çıxış edək. Ümid edirem ki, biz belə məsələləri həll etmişik və bir zərər vermək istəmədiyimizi izah edə bilmişik. Qarabağ məsələsinə gəldikdə isə, biz qəti şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Və biz deyirik ki, əgər nə vaxtsa bir razılaşma olsa, bu, hər iki ölkə tərəfindən də qəbul olunmalıdır o cümlədən də Ermənistan tərəfindən. Bu razılaşmanı necə əldə etmək isə Azərbaycandan asılıdır. Minsk Qrupunun bir həmsədri kimi, mən bunun baş verməsinə kömək edirəm. Biz heç kimə hansısa razılaşmanı qəbul etdirə bilmərik.
Biz birinci növbədə Azərbaycanın ərazi bütövlüyünü himayə edirik və istəyirik ki, Azərbaycan və Ermənistan özləri beynəlxalq qanunların başqa prinsiplərini də əhatə edəcək bir razılaşma əldə etsinlər.
Sual: Bu günlərdə Amerika dövlət katibinin enerji sahəsi üzrə məsul yüksək rütbəli nümayəndələri Bakıda idilər. NABUCCO layihəsi ilə əlaqədar müzakirələr nə yerdədir? Son günlər Rusiya mətbuatında Azərbaycanın guya NABUCCO layihəsindən imtina etməsi barədə məlumatlar dolaşır..
Cavab: Bu zarafatdır? NABUCCO Azərbaycanın qazı olmadan baş tuta bilməz. Bu, tam gülünc bir şeydir. Rusiyanın NABUCCO-ya son qoymaq və onun yerini öz qazı ilə doldurmaq iddiaları ilə eyni vaxtda, biz NABUCCO-nu bacardığımız qədər tez həyata keçirməyə çalışmalıyıq. Bununla yanaşı, Türkiyə-Yunanıstan kəməri üçün də Azərbaycan qazı əhəmiyyətlidir. Biz ümid edirik ki, Azəbaycan strateji mövqeyə malikdir və Avropaya yanacaq çatdırmağın vacibliyini dərk edir. Burada Azərbaycanla yanaşı Türkiyə də strateji mövqedə olacaq. Təkcə Azəbaycandan qaz almaqla yox, həm də özünün kifayət qədər resursları ilə.

XS
SM
MD
LG