«Amerika Rusiyanın Gürcüstanı parçalamasına göz
yummayacaq». Bunu ABŞ dövlət katibinin yardımçısı Metyu Brayza sentyabrın 10-da
Konqresin Helsinki komissiyasında “Rusiya, Gürcüstan və güc siyasətinin
qayıdışı” adı altında keçirilən dinləmələrdə bəyan edib. Müzakirələr əsasən
Amerika-Rusiya münasibətlərində qarşıdurma və Avropanın enerji təhlükəsizliyi
ətrafında aparıllıb.
Dinləmələri aparan konqresmen Elsi Hesting və senator
Benjamin Kardin Rusiyanın Gürcüstandakı hərbi əməliyyatlarına lazımi qiymət
verilməsini istəyiblər. Cənab Həsting deyib ki, avqustun 7-dən sonra dünyada
yeni dəyişikliklər baş verib. Belə ki, həmin vaxta qədər Rusiya dövlətlərin
statuskvosuna hörmətlə yanaşırdı. Onun sözlərinə görə, Gürcüstandakı
hərəkətləri ilə Rusiya bu ölkənin iqtisadiyyatını dağıdıb və inkişafının
qarşısını almağa cəhd edib.
Senatorların suallarına cavabda cənab Brayza deyib
ki, Vaşinqton Tbilisini tək buraxmayacaq. Onun sözlərinə görə, Amerika və
Avropa bir fikirdə yekdildirlər ki, Rusiya bu günlərdə
Gürcüstanda etdiyi hərəkətləri ilə azad dünya ilə münasibətlərində öz etibarına
zərər vurub. Belə ki, bu keçmiş sovet respublikasının
xalqı azadlığı seçib və demokratik dünya da onları tək qoymayacaq.
Brayza
deyib ki, indi Rusiya özü qərar verməlidir, o, ya indiki
əməllərindən əl çəkib, ciddi ölkələr sırasına qayıtmalı, ya da çəkişmələr və
təcridolunmalar vəd edən bu siyasətini davam etdirməlidir. Rusiya özünün ABŞ və
Avropa ilə əlaqələrini bərpa etmək üçün qonşularının azadlığına hörmət
etməlidir.Amerika hesab edir ki, Rusiya «sözünün üstündə» durmalı və
Gürcüstanda böhrana son qoymalıdır. Brayza münaqişə zonasına humanitar yardımların göndərilməsi və gələcəkdəki
yardım planları haqda məlumat verib.
Dövlət katibinin yardımçısı həmçinin əlavə edib ki,
mübahisəli münasibətlər nə Amerikanın, nə də Rusiyanın maraqlarına uyğun deyil.