Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov son zamanlar Gürcüstandakı hadisələr və Qərb-Rusiya qarşıduması fonunda rəsmi Bakının yürütdüyü siyasəti "Amerikanın səsi"nə açıqlayıb. Cənab Məmmədovla müsahibəni təqdim edirik.
Sual: Son günlər Rusiya-Gürcüstan qarşıdurması fonunda Azərbaycanın tutduğu siyasət beynəlxalq dairələrdə birmənalı qarşılanmadı. Gürcüstan
Azərbaycanın stratejı tərəfdaşıdır, Rusiya isə müttəfiqi. Bununla belə,
Aərbaycan rəsmiləri bildiriblər ki, ölkə hər iki qonşusu ilə eyni məsafədədir.
Burada bir ziddiyyət yoxdurmu?
Cavab: Yox, burada ziddiyyət yoxdur. Birincisi, ona görə
ki, Gürcüstanda baş verən hadisələrdə, bu ölkəni sevən, onun hər bir
təşəbbüsünü möhkəm-möhkəm dəstəkləyən Qərbin özü Tbilisiyə lazım olan köməyi
göstərə bilmir. Yəni, bütün bu proseslərdə Gürcüstan elə Qərblə birlikdə,
hələlik, uduzan bir tərəfdir. Bizim Gürcüstanla əlaqələrimiz olduğu kimi qalır.
Gürcüstanın rəhbərləri, hətta prezident səviyyəsində bizə minnətdarlığını
bildirirlər. Və bizim bütün bu proseslərlə bağlı onlarla birgə nə etdiyimizi
Gürcüstan prezidenti daha yaxşı bilir.
Digər tərəfdən, son proseslər bizim özümünü də düşündürür. Yəni əgər
belə bir hadisə nə vaxsta Azərbaycanla
bağlı baş versə, onda Qərb nə edəcək?
Bu suala Qərb cavab verməlidir. Əgər doğrudan da Qərb ona göstərilən
etimadı doğrulda bilərsə, beynəlxalq hüququn ayaqlar altında tapdanmasına imkan
verməzsə, onda başqa məsələ.
Sual: ABŞ vitse-prezidenti Dik Çeyninin regiona səfəri, xüsusilə də Bakıda
və Tbilisidə keçirdiyi görüşlər Azərbaycan üçün nə ilə xarakterik oldu?
Cavab: Əvvəlcə onu deyim ki, Dik Çeyninin Azərbaycana
səfəri hələ son hadisələrdən çox qabaq planlaşdırılırdı. Sonradan isə bu
hadisələr baş verdi və onlar üst-üstə düşdü, dünya da elə bildi ki, ola bilsin
Çeyni bura belə hadisələr olduğu üçün gəlib. Çünki Qərbdə də bu proseslər
haqqında fikirlər söylənirdi ki, məsələn, sabah Azərbaycanla bağlı da müəyyən
problem yaransa, onda nə olacaq? Bu suala cavab tapılmırdı. Ona görə də, elə başa düşdülər ki, məhz həmin
mənada, yəni hansısa hadisələrin qarşısını almaq üçün edilən bir səfərdir.
Əslində, doğrudan da bu mühüm bir səfər idi. Ümumiyyətlə, Azərbaycan-Ameirka
əməkdaşlığı tarixində bu, çox mühüm hadisə idi, biz bu səfəri çox
qiymətləndiririk. Və görüşlər zamanı həm regionda gedən proseslər, həm də
Amerika-Azərbaycan münasibəstlərinin keçmişi, bu günü və gələcək perspektivləri
haqqında ətraflı fikir mübadiləsi aparıldı, Eləcə də gələcəkdə müəyyən
addımların atılması üçün mövqelər daha da konkretləşdi.
Ümumilikdə bizim dövlətimizin və cəmiyyətimizin seçimi həmən seçimdir,
heç bir şey dəyişməyib.
Sual: Rusiyanın Gürcüstana hücumundan və üstəlik da oradakı separatçı
rejimləri tanımasından sonra beynəlxalq dairələrdə diqqət Azərbaycana yönəlib.
Belə çağırışlar səslənir ki, Bakı son proseslərdən özü üçün nəticə
çıxarmalıdır...
Cavab: Bizim bununla bağlı heç bir qorxumuz yoxdur. Biz
bir daha başa düşdük ki, kiçik dövlət olanda, mürəkkəb geosiyasi regionda
yerləşərkən, yalnız özünə arxayın olmaq lazımdır. Başqa dəstəkəlrin hamısı
bəzən bogazdan yuxarı olur. Biz artıq nümunəni görürük. Ona görə də özümüzə, öz
xalqımıza və öz xarici siyasət kursumuza daha çox arxalanmağı nəzərdə
tuturuq. Belə bir hadisə bizim ölkədə
baş versəydi, yanımıza heç kim gəlib çıxa bilməzdi. Bizim okeana birləşən Qara
Dənizimiz yoxdur...
Sual: Bu o deməkdir ki Azərbaycan
Qərb-Rusiya qarşıdurmasında heç birinin yanında deyil?
Cavab: Azərbaycan niyə hər hansı bir bloka girməlidir ki?
Azərbaycan beynəlxalq hüququn yanındadır. Hansı ki, onu da Qərb və Rusiya
birlikdə formalaşdırıb. Bəs niyə Qərb, Rusiya və Avropa özləri buna riayət
etmirlər? Niyə bununla bağlı bir söz demirlər ki, indi dünyada gedən proseslər
də normal məcraya düşsün? Niyə indinin özündə 19-cu, 18-ci əsrlərdə olduğu
kimi, geosiyasi maraqlar hər şeyi tapdalayıb keçir? Nə üçün?
Siz Gürcüstandakı müəyyən mənada separatçı rejimlərin adlarını
çəkdiniz. Amma Kosovonu onlardan ayırmaq çətindir əslində. Niyə belə olmalıdır?
Bir çox başqa proseslər də var, onları da görmək lazımdır. Yəni bir şeyi
qabardıb, başqasını unutmaq düzgün deyil. Dünya hər şeyi gözəl görür və başa
düşür...
Sual: Son vaxtlar Qərblə Rusiya arasındakı qarşıdurmanın fonunda ATƏT-in
Minsk Qrupunun gələcəyinə də şübhələr yaranıb...
Cavab: Ola bilsin ki, belə şübhələr var. Amma biz Qərbdən
bu 20 il ərzində ədalətli mövqe görmədik. Münaqişənini həlilə bağlı ədalətli və
açıq mövqe nümayiş etdirmək Qərbin birmənalı və ən mühüm borcu idi. Lakin mən
indi Metyu Brayzanın müsahibəsində oxuyuram ki, deyir, biz heç kimə münaqişə
ilə bağlı təzyiq göstərə bilmərik. Nə üçün? Axı əsas məsələ də bundan
ibarətdir. Biz istəyirik ki Qərb bütün bu prosesləri özünün maraqları
çərçivəsində bir oyuncaq kimi oynatmasın. Dünya indi hər şeyi başa düşür. Əlbəttə,
Minsk Qrupu bu qədər müddət ərzində bir dəfə də konkret mövqe tutmayıb. Amma
biz hələ susuruq və onun fəaliyyətinin davam etməsini istəyirik. Çox təəssüflər
olsun ki, torpaqlarımız işğal oluna-oluna, Dağlıq Qarabağdan əlavə ondan da
böyük ərazi 20 ildir ki, işgal altındadır, Qərb isə bir dəfə də konkret bir söz
deməyib bununla bağlı. Bu, əlbəttə ki, bizi əndişələndirir, cox narahat edir.
Və biz də gələcəyimiz üçün hansı addımlar atmalı oldugumuzu düşünürük.
Sual: Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bugünlərdə Bakıda
səfərdədir. Vaşinqtonda bir sıra politoloqlar, o cümlədən Hadson İnstitutunun
ekspreti Zeyno Baran hesab edir ki Amerika və Avropa Qarabağ problemini
Rusiyasız daha asan həll edə bilər...
Cavab: Əgər Amerika da, Avropa da özlərinin
formalaşdırdığı beynəlxalq hüquqa saymamazlıq və etinasızlıq göstərməsəydilər,
ilk gündən kimin haqlı, kimin haqsız olduğunu, kimin torpaqlarının işğal
olunduğunu desəydilər, bu gün burada indiki situasiya yaranmazdı. Məhz
beynəlxalq hüquqa bu cür münasibətin nəticəsidir ki, biz bugünkü siyasi dünya
mənzərəsi ilə qarşılaşmışıq. Bu isə Qərb üçün də təhlükəlidir, Şərq üçün də,
Şimal üçün də. Hamımız üçün.
Ona görə də, istəsəydilər bu münaqişəni çoxdan həll etmək olardı. Necə
olur ki, 1 milyondan cox adam küçələrdə qalır və heç kim buna bir şey demir,
amma Bakıda bir adama bir sözü başqa cür deyən kimi, dünyanın bütün qəzetləri
Azərbaycanda vəziyyətin düz olmadığını yazırlar? Dəfələrlə xanım Kondoliza Rays
Azərbaycan haqqında danışıb – bir adama, bir jurnalistə görə. Amma bir milyon
adam üçün bir dəfə də konkret mövqe
deməyib. Nə üçün? Belə ədalətsizliklər
bizi incidir. İndi Metyu Brayza gəlir,
danışır. Gəlməmişdən əvvəl deyir ki biz heç kimə təsir edə bilmərik Onda necə
iş görmək olar? Axı biz o qədər də axmaq deyilik...
Sual: Belə bir mənzərədə Türkiyənin vasitəçilik səylərini
intensivləşdirməsi də diqqəti çəkir...
Cavab: Bəli, bütün mən dediyim səbəblərdəndir ki, indi dünyada tamamilə başqa mənzərə yaranıb.
Bunun da günahı isə aparıcı dövlərlərdədir, onların ədalətsiz mövqeyidir. Ona
görə də bəli, Rusiya da fəallıq göstərəcək, Türkiyə də. Qüvvələr nisbəti də
dəyişə bilər, qüvvələrin münasibəti də. Hər bir şey baş verə bilər. Amma bu
prosesi bu qədər tezləşdirməyə ehtiyac yox idi. Heç kimə lazım deyildi. Çox
təəssüf olsun ki bunu edirlər.
Sual: Türkiyənin vasitəçilik təşəbbüslərinin Azərbaycan üçün perspektivi
varmı?
Cavab: Hələlik mən
bir söz deyə bilmərəm. Çünki bütün bu proseslərlə bağlı indi proqnoz vermək
məsuliyyətli işdir...
Sual: Azərbaycan, Ermənistan və Türkiyə
xarici işlər nazirlərinin qarşıda nəzərdə tutulan görüşü yeni prosesdən
xəbər verirmi?
Cavab: Mən bir söz
deyə bilmərəm. Çünki Ermənistan rəhbərlərinin də bu situasiyada öz məqsədləri
və manevrləri ola bilər. Çünki onların dəstəyi çoxdur - Amerikada da, Avropada
da.
Sual: Gürcüstandakı hadisələrdən sonra regionun enerji təhlükəsizliyi
məsələləri yenidən gündəmə gəlib. Nabukko layihəsilə bağlı narahatlıqlar
səslənir. Bu layihə indi realdırmı?
Cavab: Nabukko
layihəsinin real olub-olmaması ilə bağlı sualı bu lahiyə daha çox kimə
lazımdır, ona vermək lazımdır. Azərbaycan kiçik bir dövlətdir və Qərb üçün hər
şey edib, əvəzində isə bircə ədalətli mövqe istəyir münaqişəsi üçün. Onu da
etmirlər. İndi Azərbaycan kimi balaca bir dövlət belə çətin situasiyada Nabukko
layihəsini kürəyinə alıb Asiyaya, Macarıstana və o biri ölkələrə çatdıran deyil
ki. Kimə lazımdırsa gəlsin, oturub danışsın və konkret qərar alınsın. Onda
görünsün nə alınır. Yoxsa hərə bir tərəfdən oturub Nabukko deyəndə, bunu kim həyata
keçirməlidir? Kimin pulu ilə? Hansı formada? Qazı buradan ora göndərmək olmur.
Böyük bir iş görülməlidir. Bu işi görmək üçün də konkret addım atılmalıdır. Bu
da çox mürəkkəb məsələdir. Biz öz rolumuzu həyata keçiririk və bu işlə bağlı
əlimizdən gələni edirik. Amma başqaları etmirlər axı. Niyə hər dəfə sualları
Azərbaycana veririlər? Niyə gedib Avstriyanın Macarıstanın Bolqarıstanın
Rusıniyanın rəhbərlərinə deyən yoxdur ki, bu Nabukko ilə nə etmək istəyirlər?
Azərbaycan enerji məsələsində Qərbə çox xitmət göstərib. Amma onları
maraqlandıran əsas məsələ təkcə budur. Azərbaycanla bağlı başqa heç bir şeylə
maraqlanmırlar. Bu da bizi incidir. Çünki haqq ədalət olmayan yerdə proseslər
indiki kimi gedir.