Accessibility links

Zimbabvedə hakimiyyət bölgüsü haqda saziş imzalanıb


Zimbabwe prezidenti Robert Muqabe və müxalifət lideri Morqan Çanqiray ölkədəki siyasi böhrana son qoymağı nəzərdə tutan hakimiyyət bölgüsü sazişinə razılıq veriblər. Bazar ertəsinə kimi razılaşmanın detallarının rəsmən açıqlqanacağı gözlənilmir. Ancaq hər iki tərəfin rəsmilərinə yaxın mənbələrin məlumatına görə, vahid hökumətdə cənab Muqabe prezident, Çanqiray isə baş nazir vəzifəsini icra edəcək. Mənbələr habelə bildirirlər ki, Zanu-PF kabinetdə 15, Demoratik Dəyişiklik Hərəkatı 13, kiçik müxalif fraksiya isə 3 nəfərlə təmsil olunacaq. Danışıqlarda vasitəçi olan Cənubi Afrika Respublikasının prezidenti Thabo Mbeki razılaşmanı dünən axşam bəyan edib. O deyib ki, Zimbabve liderlərinin sazişin həyata keçirilməsində öz öhdəliklərinə əməl edəcəyinə inanır.

XS
SM
MD
LG