Accessibility links

Aleksandr Karavayev: “Rusiya Azərbaycana müəyyən təminatlar verib”


Bu gün Moskvada Rusiya prezidentinin şəhərkənarı iqamətgahında Azərbaycan və Rusiya liderləri - İlham Əliyev və Dmitri Medvedevin görüşü keçirilib. Görüşdən sonra elan edilib ki, prezidentlər əsasən Qafqazda yaranmış mövcud durum ətrafında fikir mübadiləsi aparıb, xüsusilə də Cənubi Osetiya müharibəsindən sonrakı vəziyyətə diqqəti yönəldiblər. Hər iki lider hesab edir ki, Azərbaycanla Rusiya arasında fəal əməkdaşlıq bölgədəki sabitliyin saxlanılmasında müstəsna əhəmiyyətə malikdir.
Bəzi icmalçılar Rusiya-Gürcüstan qarşıdurmasından sonra rəsmi Bakının çətin geosiyasi seçimlə üz-üzə qaldığını söyləyirlər. Azərbaycan prezidentinin Moskvaya indiki səfəri də bu baxımdan müxtəlif mülahizlərə səbəb olub.
Moskva Dövlət Universitetinin post-sovet ölkələri üzrə tədqiqatçısı Aleksandr Karavaevin qənaətincə, indi həm Rusiya, həm Qərb rəsmi Bakıdan daha loyal münasibət istəyir və son təmaslar da bununla bağlıdır.
Amma politoloq deyir ki, Azərbaycan indi siyasi təzyiqlə deyil, siyasi fürsətlə üzləşib. Belə ki, Moskvada Azərbaycan prezidentinə Dağlıq Qarabağ münaqişəsilə bağlı ən yüksək səviyyədə təminatlar verə bilərlər. Onun fikrincə, Kremldə Azərbaycanın qonşusu Gürcüstandakı qarşıdumadan sonra narahatlığı və özünə dəstək axtarışı yaxşı başa düşülür və çox güman ki, Medvedev də məhz buna görə Əliyevi Moskvaya dəvət edib:
“Məncə bugünkü səfər ərzində prezident Medvedev Əliyevə müəyyən təminatlar verib ki Ermənisan Azərbaycanla münaqişədə müəyyən olunmuş xəttləri keçməyəcək. Hər halda Rusiya rəhbərliyinin siyasəti budur ki, son hadisələr Qarabağ münaqişəsinə sirayət etməməli və diplomatik təmaslarda böhran yaratmamalıdır. İkincisi, Rusiya Bakını həm də Azərbaycanın gələcək tranzit layihələrinin normal şəkildə davamı barədə sakitləşdirmək istəyir”.
Rusiyalı ekspertə görə, hazırda həm də Rusiya və Qərb arasında yerli münaqişələrin çözümündə dominanatlıq uğrunda rəqabət gedir. Belə ki, Medvedevlə görüşdən sonra İlham Əliyev bildirib ki, bölgədəki gərginliyə baxmayaraq nizamlanma işində irəliləyişə yaxşı əsaslar var.
Moskvada çıxan Kommersant qəzetinin xarici siyasət şöbəsinin rəhbəri Azər Mürsəliyev isə hesab edir ki, İlham Əliyevin prezident Medvedevlə bugünkü danışıqlarından sonra, Gürcüstan məsələsində Moskvayla Bakının mövqeləri yaxınlaşmayıb, ancaq tərəflər bir-biri ilə məqbul münasibətləri saxlamağa müəssər olublar. Onun fikrincə, Moskva Azərbaycanı Qərbdən uzaqlaşdırıb öz tərəfinə çəkmək istəyir.
“Mən inanmıram ki bugünkü görüşdə bu məsələlər həll olunacaq. Amma yeni intensiv danışıqlar başlaya bilər və ola bilsin ki bu danışıqlar bir neçə ay sürə bilər…”
İlham Əliyevin Moskva danışıqlarında iqtisadi məqama da toxunulub, göstərilir ki, ilin axırına Azərbaycanla Rusiya arasında ticarət mübadiləsi 2 milyard dollara çatmalıdır.Prezidentlər enerji mövzusunu da müzakirə ediblər. Medvedevin Bakıya son səfəri zamanı “Qazpromun” bütün Azərbaycan qazını satın almaq təklifi ortaya atıldı. Amma o zaman Bakı rusların bu təklifinə konkret bir cavab vermədi. İndi güman olunur ki Moskva həmin o cavabı eşitmək istərdi. Amma ekspretlərin fikrincə, indiki həssas vəziyyətdə Bakı çətin ki, Qərbi qıcıqlandıraraq Moskvaya əlavə qaz vəd etsin…

XS
SM
MD
LG