Accessibility links

Tehranda həbs edilən azərbaycanlılardan bəzisi azadlığa buraxılıb


Bir neçə gün öncə İran paytaxtı Tehranda Azərbaycanlıların İftar qonaqlığına hücum zamanı həbs edilən azərbaycanlı fəallardan bir neçəsinin artıq azadlığa buraxıldığı barədə xəbərlər yayılıb.
"Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Birliyinin" yaydığı məlumata görə, sentyabrın 10-da iftar tədbiri zamanı tutulanlardan 10 nəfəri artıq azad edilib. Onların hamısının zaminə buraxıldığı bəyan edilir.
Yerli mənbələrə əsasən, hələ də azərbaycalı fəallardan 9 nəfəri təhlükəsizlik organlarının nəzarətindədir. Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Birliyinə istinadən, fəalların Tehran Milli Təhlükəsizlik Baş İdarəsinin "Evin" həbsxanasındakı təcridxanasında saxlandıqları bildirilir.
Həmin mənbənin bildirdiyinə görə, rəsmilər Tehranda həbs olunanların siyasi məqsədlə və yaxud hər hansı etiraz aksiyası təşkil etmək məqsədilə toplaşmalarından şübhələnir. "Evin" həsbxanasındakı fəalların dindirilməsi zamanı Tehran rejiminin bu məsələlərlə bağlı narahatlıqlarının aydın olduğu deyilir.
"Azer Women" səhifəsi bu kimi iddiaları təsdiq etməklə yanaşı, son həbslərin Ana Dili Günü ilə bir-başa bağlı olduğunu bildirir. Mənbənin verdiyi məlumata görə, həbs olunanlar arasında " Varlıq" Jurnalının bir neçə yazarı, eləcə də, ötən il ilk dəfə olaraq Təbrizdə keçirilmiş Ana Dili Kongresinin təşkilatçısı Əlirza Sərrafinin olması buna ən bariz nümunədir.
"Azərbaycan Strateji Araşdırmalar Mərkəzi" də, İranda məktəblərin açılış günü ərəfəsində təhlükəsizlik organlarının azərbaycanlı hərəkatçılar və aydınlara qarşı kütləvi həbslərini Tehran rejiminin mədəni tələblərlə bağlı növbəti aksiyalara mane olmaq cəhdi kimi dəyərləndirir.
Qarşıdan Mehr ayının biri –21 Sentiyabr gəlir. Hər il bu gün İranda yüz minlərlə məktəbli yalnız Fars dilində təhsilə icazə verilən məktəblərə gedir. Azərbaycan fəalları bu günü "Ana Dili Günü" elan edərək, son bir neçə il Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Zəncan kimi şəhərlərində Azərbaycan Türkcəsində təhsil haqqinin təmin edilməsi istəyi ilə müxtəlif tədbirlər və etiraz aksiyaları keçiriblər.

XS
SM
MD
LG