"Amerika Rusiyanın suveren ölkələrə və
azad xalqlara qarşı təzyiqlərini cavabsız qoymayacaq". Bunu Birləşmiş Ştatların
dövlət katibi Kondoliza Rays Vaşınqtondakı Transatlantik Siyasət Mərkəzində -
Marşall Fondunda çıxışı zamanı bəyan edib.
Dövlət katibi deyib ki, Amerika və
Avropa Rusiyanın suveren ölkələrə və azad xalqlara qarşı təzyiq cəhdlərinin
qarşısını alacaq:
"Birləşmiş Ştatlar və Avropa birmənalı olaraq Rusiyaya
qonşu ölkələrin ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləməkdə davam edir.
Biz Rusiyanın suveren millətləri və azad xalqları təsir zonasına qaytarmaq cəhdlərinə
müqavimət göstərəcəyik.
Biz regionun daha bir münaqişəsini - Dağlıq Qarabağ məsələsini həll
etmək və dost ölkələr, Türkiyə kimi müttəfiqlərimizlə Qafqazda əməkdaşlıq fondu
yaratmaq üzərində işləyirik».
Dövlət Katibi Rays deyib ki, Rusiya avqustun 7-də Gürcüstan ərazisinə
müdaxilə etməklə çox uzağa gedib və özünü ifşa edib. Belə ki, bu, Rusiya
rəhbərlərinin apardıqları siyasətin mahiyyətini açıb və Qərblə Rusiyanın
münasibətlərini kritik həddə çatdırıb:
"Biz Rusiyaya ümumi problemlərimizi
həll etmək üçün böyük güc kimi hörmət edirdik. Amma Rusiya liderləri sadəcə
olaraq dəyişilmədilər. Onların son hərəkətləri
sual yaradır ki, biz indi Soyuq müharibə ilə məşguluq? Yox, biz yox".
Amerika dövlət katibi hesab edir ki, Qərblə Rusiya arasında bu cür münasibət
rus xalqının da marağına ziddir, çünki ölkə iqtisadiyyatına da zərbə edirmiş
olur. İndi Rusiya liderlərinin öz xalqları üzərinə ağır iqtisadi yük qoyduğunu
söyləyən dövlət katibi Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyə qəbulunun
ciddi sual altında qaldığını söyləyib. Onun fikrincə, eyni sözləri İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatına da aid etmək olar. Rays birmənalı şəkildə
diqqətə çatdırıb ki, Moskvanın Gürcüstan müharibəsindəki əsas məqsədinə - orda
hökuməti devirmək məqsədinə nail olmasına heç vaxt imkan verilməyəcək. Onun
sözlərinə görə, Gürcüstanın müdafiəsi məsələsində Avropa və Amerika tamamilə
yekdildirlər.
Qafqazda enerji məsələsinə də toxunan dövlət katibi qeyd edib ki, Qərb Rusiyanın qaydaları ilə hərəkət etmək
niyyətilə deyil: «Birləşmiş Ştatlar və Avropa böyük enerji müstəqilliyinə nail
olmaq üçün Azərbaycan, Gürcüstan, Türkiyə və Xəzər ölkələri ilə əməkdaşlığı
gücləndirir. Biz iqtisadiyyatda açıq qlobal enerjini genişləndirəcək və ziyanlı
təcrübədən müdafiə edəcəyik. Hər şey tək Rusiya və ya bir başqasının qoyduğu
qaydalara uyğun ola bilməz». Rusiyanın
gələcəyinin öz əlində olduğunu deyən
K.Rays vurğulayıb ki, Gürcüstanla münaqişədən sonra Kremlin beynəlxalq aləmdəki
mövqeyi 1991-ci ildəkindən də zəifləyib. Dövlət katibi Rusiyada avtoritar
tendensiyaların gücləndiyini, xarici təcavüzkarlığın isə artdığını vurğulayıb
və buna təəssüfləndiyini bildirib.