Buş administrasiyası qlobal maliyyə böhranının həlli məqsədi ilə ayırdığı 700 milyard dollarlıq planın Konqres tərəfindən təsdiq edilməsinə çağırır. Bu gün həftəlik radio müraciəti zamanı ABŞ prezidenti Corc Buş bildirib ki, hökumətin maliyyə bazarlarına yardımı adi amerikalıların düşdüyü çıxılmaz vəziyyətə kömək məqsədi daşıyır. Prezident Buş deyib ki, bir çox vergi ödəyənin pulları risk altına düşür, lakin heç nə etməmək bundan baha başa gələ bilər. ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama prezidentin təklifini dəstəklədiyini bildirib. Senator Obama deyib ki, hökumət yüksək yanacaq və ərzaq qiymətlərinin öhdəsindən gəlmək üçün xalqa yardım yollarını müəyyən etməlidir.