Accessibility links

Ömər Engin Lütem: “Dağlıq Qarabağa investisiya qoymaq mümkün deyil”


Ermənistan prezidenti Serj Sərkisyan təklif edib ki, əgər Azərbaycan Dağlıq Qarabağa investisiya qoymağa çalışsa, o zaman bəlkə oranın əhalisi Azərbaycanın tərkibində qalmaq perspektivinə münasibətini dəyişər.
Cənab Sərkisyan deyib ki, bu təşəbbüsü Yerevanda ən azı 14 il bundan əvvəl, Azərbaycanla atəşkəs imzalayarkən elan ediblər. Hazırda isə o, azərbaycanlı həmkarı İlham Əliyevə belə təklif edib.
Bunları Ermənistan prezidenti bir qrup xarici jurnalistlə Yerevanda keçirdiyi görüşü zamanı bildirib.
Sərkisyanla yanaşı, Ermənistanın müdafiə naziri Seyran Ohanyan da xarici jurnalistləri qəbul edib və deyib ki, əgər Türkiyə ilə münasibətlər normallaşarsa, Ermənistan öz hərbi doktrinasına düzəlişlər edərək, artıq Türkiyənin özü üçün təhlükə təşkil etmədiyi qənaətinə gələ bilər.
Ermənistanın hərbi doktrinasında Türkiyə düşmən ölkə kimi göstərilir. Seyran Ohanyanın sözlərinə görə, iki dövlət arasında münasibətlərin düzələcəyi halda doktrinadan Türkiyənin düşmən dövlət olması haqda ifadə çıxarıla bilər.
Bəs Ermənistan rəsmilərinin bu bəyanatlarına Azərbaycan və Türkiyənin münasibəti necədir? Hələlik hər iki ölkənin rəsmi dairələri məsələyə reaksiya verməkdən çəkinirlər.
Amma yerli siyasətşünaslar həkimiyyətdəkiləri Yerevandan gələn bəyanatlara inanmamağa səsləyirlər.
Vaxtı ilə Qarabağ danışıqlarının yaxından iştirakçısı olmuş Azərbaycan prezidentinin keçmiş xüsusi nümayəndəsi Vəfa Quluzadə deyir ki, Ermənistan liderləri bu cür bəyanatları ilə qabaqdangəlmişlik edirlər:
"Bu, tamamilə absurd bir fikirdir. Bütün Azərbaycan politoloqları belə düşünürlər ki, Dağlıq Qarabağın statusu təyun olunmamış, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməmiş, Dağlıq Qarabağa heç bir yatırım yatırıla bilməz. Çünki Dağlıq Qarabağ işğal altındadır. İşğal altindakı torpaqlara yalnız ağlslz adamlar yatırım yatırarlar".
Ermənistan rəsmilərinin bəyanatlarına Türkiyədə də münasibət neqativdir. Ankaradakı Avrasiya Strateji Tədqiqatlar Mərkəzinin Erməni araşdırmaları institutunun rəhbəri səfir Ömər Engin Lütem deyir ki, istər Serj Sərkisyanın, istərsə də Seytan Ohanyanın təkliflərinin Bakı və Ankara üçün heç bir siyasi əhəmiyyəti yoxdur. Belə ki, cənab Lütemə görə, bu bəyanatlar mövcud siyasi vəziyyətə və eləcə də Türkiyə və Azərbaycan rəsmilərinin Ermənistanla apardığı son təmaslara adekvat deyil.
"Bu gün Türkiyə regionun ən böyük ordusuna sahibdir. Ermənistanın onu hansısa siyahısıdan çıxarmasının heç bir əhəmiyyəti yoxdur. Qarabağa gəldikdə, onun hazırkı statusunun dəyişməyəcəyi təqdirdə, ora yatırımlar yatırmaq imkansızdır. Əvvəlcə status həll olunmalı və bütünlükdə Cənubi Qafqaz sülh şəraitində inkişaf etməlidir ki, Qarabağ bölgəsi də onun içində inkişaf etsin. Bu gün orada bir idarə yaradıblar və o da özünü müstəqil adlandırır, onu da heç kim tanımır. Belə bir bölğəyə yatırım qoymaq mümkün olan şey deyil".
Bu arada isə Türkiyə və Ermənistan prezidentlərinin bu həftə yenidən ğörüşəcəkləri məlum olub. Abdulla Gül və Serj Sərkisyan Nyu Yorkda BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində bir araya gələcəklər.
Türkiyə prezidentini səfərdə müşayiət edən xarici işlər naziri Əli Babacanın isə bu həftə ərzində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşlər keçirəcəyi gözlənilir.

XS
SM
MD
LG