ABŞ prezidenti Corc Buş bu gün Vaşinqtonda Hindistanın baş naziri Manmohan Sinqhlə görüşəcək. Liderlərin mübahisələr doğurmuş mülki nüvə sahəsində əməkdaşlığa dair razılığı müzakirə edəcəyi gözlənilir. Hər iki ölkə cənab Buşun prezidentlik müddəti bitənə qədər razılığı imzalayacaqlarına ümid edir. Razılığa əsasən, Hindistan özünün nüvə obyektlərinin beynəlxalq müfəttişlər tərəfindən yoxlanışı müqabilində ABŞ-ın nüvə texnologiyası və digər atom materiallarından istifadə edə biləcək.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi çərşənbə axşamı günü razlığın lehinə səs verib. Lakin Konqresin noyabr, prezident seçkiləri ərəfəsində tam tərkibdə toplaşmasından əvvəl təsdiq edilib-edilməyəcəyi aydın deyil. Bəzi qanunvericilər razılığın nüvə silahlarının yayılmamasına dair beynəlxalq səylərinə maneə ola biləcəyindən narahatlıqlarını bildirirlər.