Accessibility links

Abdulla Gül:  “Sarkisyan mənim məktubumdan sonra matç dəvətini cəsarətlə irəli sürdü”


Nyu Yorkda səfərdə olan Türkiyə prezidenti Abdulla Gül "Amerikanın səsi"nin Azərbaycan bürosuna müsahibə verib. Cənab Gül Qafqazdakı son vəziyyət, Türkiyə-Ermənistan-Azərbaycan münasibətləri və Gürcüstan-Rusiya qarşıdurması barədə danışıb. Türkiyə prezidenti ilə müsahibənin tam mətnini təqdim edirik.
Sual: Cənab prezident, bu yaxınlarda Bakıya və Yerevana səfərləriniz hər iki ölkədə müxtəlif cür qarşılandı: Buna müsbət baxanlar da oldu, tənqidi yanaşanlar da. Bu səfərlərdən sonra Azərbaycanla Ermənistanın siyasilərinə, xalqlarına hansı mesajları vermək istərdiniz?
Cavab: Əslində, Yerevana səfərim bir təsadüf nəsicəsində başladı. Yəni bir futbol matçı ilə. Əgər Ermənistanla Türkiyə bu matçda bir yerə düşməsəydilər, bəlkə də bu səfərim gerçəkləşməyə bilərdi. Amma açığını deyim ki, bunun əvvəli də var. Hələ Serj Sarkisyan prezident seçiləndə, mən ona bir təbrik məktubu göndərdim və məktubda münasibətlərimizin arzuolunan nöqtəyə gəlməsi üçün zəhmət sərf etməyin, çalışmağın doğru olacağını, bütün Qafqazda sülhə və inkişafa çox önəm verdiyimizi yazdım. O da bəlkə elə bunun qarşılığında matç dəvətini cəsarətlə irəli sürdü.
Amma bunu demək istəyirəm ki, Qafqazda donmuş problemlər var. Biz bu donmuş problemlərin belə qala bilməyəcəyini düşünürük. Onun üçün işləmək lazımdır. Problemlər bəllidir: Qarabağın işğalı ortadadır, Gürcüstandan bəhs edərkən Abxaziya və Osetiya məsələləri ortadadır, Türkiyə ilə Ermənistan arasındakı problemlər də ortadadır. Bunlar bilinən problemlərdir. Və bu münaqişələr əbədi qala bilməz. Qalarsa, onun zərərini bölgədə özümüz, xalqlarımız çəkir. Halbuki, problemlər həll edilsə, danışılsa, anlayış göstərilsə, bunun üçün səy sərf göstərilsə, onda böyük bir işbirliyi ortaya çıxardı. Bundan da kim faydalanar? Yenə də bölgənin xalqları. Türklər, azərilər, ermənilər, gürcülər – hamı bundan qazanar. Onun üçün də biz belə bir siyasət yürüdürük. Əlbəttə, bu o demək deyil ki, problemlər elə bir gecədə asanlıqla həll oluna bilər. Amma həll üçün yaxşı bir mühit yaratmaq lazımdır, bunun üçün də dialoq olmalıdır. Gürcüstanla Rusiya arasında ötən ay yaşanan olaylar problemləri özbaşına buraxmağın nə qədər təhlükəli olduğunu göstərdi. Rusiya ilə Gürcüstan savaşanda bundan təkcə iki ölkə zərər görmədi ki. Azərbaycan da narahat oldu, Ermənistan da və əlbəttə ki, biz də. Qara dəniz kimi kiçik bir dənizə bir çox hərbi gəminin gəlməsi hamımızı narahat etdi. Əminəm ki bundan Rusiya da məmnun deyil. Mən onların da son hadisələrdən o qədər xoşbəxt olmadığı qənaətindəyəm. Onun üçün də, biz dialoqa önəm verən ölkə kimi, yaranmış bu böhrandan bir fürsət çıxarmaq ümidi ilə Qafqaz Əməkdaşlıq Platformasını ortaya atdıq. Bunu məmnuniyyətlə deyə bilərəm ki, Rusiya təklifimizə çox güclü dəstək verdi, Azərbaycan və Ermənistan da həmçinin. Gürcüstan da əslində bu məsələni dəstəkləyir, amma hazırda düşdükləri psixoloji vəziyyət bəlkə bir qədər önə çıxmaqlarına imkan vermədi.
Amma mən inanıram ki, belə bir əməkdaşlıqdan hamı faydalanacaq. Sadəcə bu mesajı vermək istəyirəm. Düşmənçilik hisləriylə bir yerə getmək olmaz. Birdən birə onlar çox alovlanır və beləliklə də müharibə ortaya çıxır. Halbuki danışaraq, anlaşaraq məqbul bir həll yoluna yetişmək üçün hər kəsin səy göstərməsi lazımdır. Biz də bunu edirik...
Mən inanıram ki, Ermənistana səfərimə qarşı çıxanlar daha sonra hansı yaxşı niyyətlərlə hərəkət etdiyimi görüb, onlar da anlayışla qarşılayıblar. Mən Yerevandan sonra tezliklə Bakıya səfər etdim və cənab İlham Əliyevə bütün niyyətlərimi və gözləntilərimi izah etmək fürsəti əldə etdim. Doğrusu, onunla da çox faydalı və yararlı bir görüş keçirdik. O da Qafqazda sülhə və inkişafa üstünlük verir. Ümid edirəm ki qarşıdakı aylarda hamımız birlikdə gözəl işlər görəcəyik.
Sual: Ermənistanın Azərbaycanla yanaşı, Türkiyə ilə də problemləri var. Söhbət tarixi iddidalardan gedir. Yerevanda olarkən ermənilərin bu idiialarında çəkilmək niyyətində olduğunu hiss etdinizmi?
Cavab: Problemlər olmasaydı, sərhədimiz açıq olardı. Problem olmasaydı, tam diplomatik əlaqə qurardıq. Demək ki ortada problemlər var. Məhz bu problemləri qaldırmaq üçün də dialoq olmalıdır. Və bu problemlərin həlli də bir gecədə olacaq iş deyil. Bu, illərdir ki sürən məsələlərdir. Amma siyasi iradələrimizi ortaya qoyub bu problemlərimizi çözəlim və qarşımızda münasibətlərimizi zəhərləyən nədirsə bu zəhərləri ortadan qaldıraq. Niyyətimiz budur. Doğrusu mənim səfərdə də niyyətim məhz bu idi. Mən bunu cənab Sarkisyanda da gördüm. O mənimlə Qafazdakı lazımsız proseslərin onlara necə təsir etdiyini açıq danışdı. Onların da prosesləri dərin təhlil etməyə başladıqlarını gördüm. Biz də vəziyyəti yenidən təhlil edirik. Azərbaycanda, hamı bunu edir. Mən buna ehtiyac olduğu qənaətindəyəm. Əvvəlcə yaxşı niyyət lazımdır. Ondan sonra cəsur şəkildə problemləri danışmaq lazımdır. Məncə, belə bir fürsət indi var.
Sual: Rusiya-Gürcüstan qarşıdurmasında Türkiyə kimin yanındadır?
Cavab: Təəssüf ki, Cənubi Osetiyada və Abxaziyada donmuş problemlər var idi və bunlar da bu hadisələrə yol açdı. Biz əvvəldən Gürcüstanın siyasi bütünlüyünə və ərazi bütövlüyünə önəm veririk. Amma təbii ki dialoqla bu problemləri həll etmək daha yaxşı olardı. Yenə də təkrar edirəm. Mən ortaya çıxan vəziyyətdən rusların da çox məmnun olduğu qənaətində deyiləm. Çünki onlar da bölgədə bir gərginliyin yaranmasını arzu etmirlər. Onlar da Qafqazda əməkdaşlığı və inkişafı arzu edirlər. Hər halda, keçirdiyimiz görüşlərdə və müzakirələrdə biz bu mesajı aldıq. Ona görə də indi danışmq vaxtıdır. Danışarkən də qıcıqlandırmadan, daha çox ritorikaya yol vermədən danışmağın problemlərin həllinə yardımçı olacağı qənaətindəyəm.
Sual: Bu müharibənin regiondakı enerji infrastrukturuna hansı təsirləri oldu?
Cavab: Mən heç də o qənaətdə deyiləm. Ruslar istəsəydilər, enerji boru xəttlərini bombalaya bilərdilər. Belə bir niyyətləri heç vaxt olmayıb. Bakı-Tbilisi-Ceyhan boru xətti olduqca gözəl işləyir və işləməkdə də davam edəcək. Bakı-Tbilisi-Ərzurum da işləyir. Mən bölgədə əməkdaşlıq və inkişaf başlayarsa, yeni boru xəttlərinin, yeni yolların və yeni gözəl layilələrin gerçəkləşə biləcəyinə inanıram. O baxımdan da Qars-Tbilisi-Bakı dəmir yolu layihəsi də eyni şəkildə davam edəcək.
Sual: Cənab prezident, regionun ziddiyyətlərinə baxmayaraq, Qafqazda vahid əməkdaşlıgın alınacağı ilə bağlı nikbinliyinizi görürük. Yəni bunun üçün həqiqətən real siqnallar varmı?
Cavab: Mən ümidliyəm. Liderlərlə keçirdiyim görüşlərdə - həm cənab Əliyev, həm cənab Sarkisayanla apardığım danışıqlarda, həm də baş nazirimizin cənab Putinlə keçirdiyi görüşlərdə biz belə bir qənaət əldə etmişik. Əlbəttə ki, həm də cənab Saakaşvili ilə keçirdiyimiz görüşlərdən də bu qənaətimiz var...

XS
SM
MD
LG