Nüfuzlu tarixçi professor Süleyman Əliyarlı Rusiyanın Qafqazla bağlı
siyasətinin tarixi əsaslarını "Amerikanın səsi"nə şərh edib. Cənab Əliyarlı ilə
müsahibənin mətnini təqdim edirik:
Sual:
Rusiyanın tarixən Cənubi Qafqazdakı siyasətini necə səciyyələndirərdiniz?
Rusiya dövlətinin burada başlıca hədəfləri nə olub?
Cavab:
İndi qəribə görünsə də, əslində Rusiya ilk əvvə Cənubi Qafqazı birinci dərəcəli, bir nömrəli hədəf
kimi götürmürdü. Rusiya siyasətində bu, bir vasitə kimi götürülürdü. Çünki
Rusiya xarici siyasətinin, o cümlədən Qafqaz və Şərq siyasətinin konsepsiyası
birinci Pyotr tərəfindən, onun xüsusilə "Pyotrun vəsiyyəti" adlanan sənədində
verilib. Bu sənəddən aydın olur ki,
Rusiya ilk əvvəl Osmanlını, səfəvi imperatorluğunu və Hindistanı ələ
keçirərək, özünün müstəmləkəsinə çevirməyi hədəfləmişdi. Cənubi Qafqaz isə isti
dənizlərə - Hind okeanına, Ərəb körfəzinə çıxışları təmin etmək üçün coğrafi
strateji baxımdan bir keçid üçün vasitə kimi götürülürdü. Amma birinci
Aleksandrın zamanında Qafqaz bir nömrəli siyasi hərbi vəzifə kimi ortaya çıxdı.
Çünki Pyotrun ölümündən sonrakı 100 ilin içində aydın olmuşdu ki, Osmanlı
Türkiyəsinin, Səfəvi İranının və hindistanın zəbti o qədər də asan məsələ
deyil. Siyasi məram qalmaqda idi, amma Qafqaz məsələsi artıq önə keçmişdi...
Sual: Cənubi
Qafqazda 3 iri dövlət var. Və təbii ki, Rus dövlətin bunlara qarşı siyasəti
həmişə eyni olmayıb. Fərdi millətlərə qarşı
yürüdülən siyasəti necə fərqləndirərdiniz?
Cavab: Təbii ki, burada
fərqləndirici məqamlar kifayət qədərdir. Gürcülərin provoslav təriqətinin
daşıyıcısı olmaları mənəviyyat baxımından ruslar üçün bu ölkəni və onun
əhalisini daha cəlbedici saymaq üçün əsas götürülürdü. Amma gerçək siyasətdə
isə, hətta Pyotrun zamanından – yəni rus xarici siyasətinini artıq ənənəvi
xəttinin ortaya çıxdığı dövrdən bütün məsələlərdə rus siyasətçiləri ermənilərə
arxalanmağa üstünlük verirdilər. Azərbaycanləlara qarşı heç bir milli siyasi
hüquq tanımaq haqqında söhbət getmirdi. Gürcülər haqqında isə rəsmi raportlarda
müəyyən dərəcədə hətta heyranlıq, rəğbət ifadə olunurdu, amma gerçək siyasətdə
üstünlük həmişə ermənilərə verilirdi.
Sual: Rus
imperializminin regionda uzunmüddətli təsirləri haqqında nə demək olar? Rus
imperiyası Cənubi Qafqazda nə kimi izlər qoyub?
Cavab: Azərbaycanda məsələn, çar höküməti əsl emaledici fabrik zavod
sənayesinin yaranmasına maneçilik törədirdi. 1820-ci illərin sonundan
Azərbaycanda fabrik sənayesi ipəkçilik sahəsində yaranmağa başladı - əvvəlcə
manufaktura, sonra da fabrika adları ilə. Bu müəssisələr əslində yarımfabrikat
istehsalı ilə məşğul olurdular. Yəni əsl fabrik-zavod sənayesini təmsil edən
müəssisələr deyildi. Azərbaycanda məktəblərin açılmasına da çar höküməti son
dərəcə böyük qısqanclıqla yanaşırdı. Ayrı-seçkilik bütün sahələrdə idi. Bunu
millətə çatdıran ilk orqanımız isə, Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti
olmuşdu ki, 1975-ci ildə saylarının birində yazırdı: "Bizlər Rusiya tərəsindən
zəbt edilmiş olkələrik. Amma bizlərə - Qafqaz türklərinə olan münasibət
tamamilə bam-başqadır, nəinki qonşularımıza..."