Oktyabrın 2-si amerikalıların
gözü tarixi vitse-prezidentlər debatına dikilmişdi. Respublikaçılar partiyasından ilk qadın vitse-prezidentliyə
namizəd Sara Peylin, Senat veteranı və Demokrat namizəd Barak Obamanın
tərəfdaşı Co Baydenlə üz-üzə gəlirdi.
Böyük siyasətə ilkin
təqdimatındakı böyük uğurlarına baxmayaraq ABC və CBS telekanallarına verdiyi
son müsahibələrdə Sara Peylin büdrəmiş və bəzilərində təcrübəsiz və biliksiz
bir siyasətçi təəssüratı buraxmışdı.
Lakin Alaskanın qadın qubernatorunun dünənki çıxışından sonra bir çox
həyəcanlı Respublikaçılar təskinlik tapıblar.
Nyu-York Taymz qəzetinin yazarı Deyvid Bruks bugünkü yazısında Sara
Peylinin debat etmək qabiliyyətini yüksək dəyərləndirir.” Debatı izləyən
Respublikaçıları düşündürən o idi ki, görəsən Peylin bir abzaslıq çıxışı
qrammatik səhvə yol vermədən bitiricək, ya yox. İlkin dəqiqələr göstərdi ki, Sara Peylin bu imtahandan üzüağ
çıxacaq,” deyə Bruks yazır. “O, ötkəm, sakit
və aramla danışaraq son bir neçə gündəki telelviziya müsahibələrinin yaratdığı
imicə son qoydu.” Müəllifin fikrincə Sara Peylin ona qarşı irəli sürülən
təcrübəsizlik ittihamını rəqiblərinə qarşı məharətlə işlətdi. Sadə Amerikalıların dilində danışmaqla və
xalq ifadələrindən tez-tez istifadə etməklə, Peylin Vaşinqtona autsayder
olmasını bariz nümayiş etdirdi. Bundan
əlavə xarici siyasət sahəsində Co Baydenə döyüş verməklə o, bir çoxlarını
təəccübləndirdi. Peylinin iqtisadiyyat
və İran məsələlərində sərgilədiyi mövqe onu bacarıqlı bir şəxsiyyət kimi
göstərdi. Öz tərəfindən Co Bayden
ağılla və axıcı tonda fikirlərini təqdim etdi.
Lakin əsas diqqət Baydenin qabiliyyətinə yox, Sara Peylinin bacarığına
yönəlmişdi.
"Boston Globe" qəzetinin yazarı
Ceff Ceykobi də Baydenin aydın və diqqətli formada olduğunu qeyd edir. Dediklərindən onun bilikli və qayğıkeş
olması sezilirdi. Təbii ki, 35 il
Senator və iki dəfə prezidentliyə namizəd olmuş şəxs kimi onun üçün bu debat
bir elə sınaq deyildi. Lakin Sara Peylin
onun üçün olan gözləntiləri tam adladı.
Milli siyasət müstəvisində cəmi 6 həftə olmuş Peylin göstərdi ki, o
gözəl nitq qabiliyyətinə malikdir və bilmədiyi şeyləri tez bir zamanda öyrənir. Bu debatda ipotekalardan tumuş Əfqanıstan və
həmcinslərin nigahı müzakirə olundu.
Lakin Sara Peylin detalların arasında büdrəmədi. Özünün normal düşüncə qabiliyyəti və yumor hissi ilə o, millətin üzləşdiyi
problemlərə öz münasibətini ortaya qoydu.
Əgər Con Makkeyn də növbəti iki debatda bu cür çıxış etsə onda onun
qələbə şansları artacaq, deyə Jacoby yazısını bitirir.
Təbii ki, heç də hamı Sara Peylinin debatdakı
çıxışına valeh olmayıb. Vaşinqton
Postun yazarı E.J. Dion Sara Peylinin ona verilən bir sıra suallara cavab
vermədiyini önə çəkir. Con Makkeynin
səhiyyə planına və Barak Obamanın vergiləri artırması haqda dediklərinə
gəldikdə Sara Peyli bilərəkdən auditoriyaya yanlış məlumatlar verdi, deyə
müəllif bildirir. Dionun fikrincə
Peylinin çıxışının yüksək qiyməltəndirilməsi məhz onun haqda gözləntilərin son
dərəcədə aşağı olmasından irəli gəlirdi.
Lakin əslində debat boyu bilik və bacarıq nümayiş etdirən şəxs Delevar
Senatoru Co Bayden idi. Bütün
məsələlərdə arqumentlərə baş vuran Bayden nümayiş etdirdi ki, o, bunlar haqda
ciddi düşünüb və mövqe sərgiləməyə hazırdır.
Peylinin heç bir kobud səhvə yol verməməsi belə, Diuonun fikrincə,
Amerikalıların ona prezidentiyə yararsızlığı qənaətini dəyişməyəcək.