Accessibility links

Rasim Musabəyov: “Rusiya Qarabağ məsələsi ilə xal toplamaq istəyir”


Rusiyanın xarici işlər naziri Sergey Lavrov «Rossiyskaya qazeta»ya müsahibə verib və Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan, Türkiyə, Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşü, Amerikanın vitse-prezidenti R.Çeyninin Bakı və Tiflisə səfərləri və ABŞ-da baş verən hadisələrə dair sualları cavablandırıb. Cənab Lavrov deyib ki, bütün bu hadisələr "elə-belə baş vermir", əslində, bu proseslərin hər bir iştirakçısının öz maraqları var. Rusiyanın baş diplomatı əmin edir ki, Moskva Qafqazda böhranın yaranmasında və Qərblə soyuq müharibədə maraqlı deyil. Onun sözlərinə görə, bu vəziyyəti "qarşı tərəf öz daxili işlərinə görə" yaradıb.
Qafqazda sabitliyin nə vaxt əldə ediləcəyi, xüsusilə də Abxaziya və Osetiya problemlərinin həlli barədə Sergey Lavrov bunları deyib: «Mən əmin edirəm ki, müəyyən çətinliklərlə də olsa, tezliklə bu regiondakı bütün problemlər, o cümlədən də Qarabağ və digər münaqişələr, elə Qafqaz ölkələrinin özləri, həmçinin Avropa ölkələrinin vasitəsilə həllini tapacaq. Medvedev-Sarkozi planının artıq icra olunması bu istiqamətdə mühüm addımdır».
Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri bu yerdə Amerikanın adını çəkməyib. Növbəti suallara cavabda isə Lavrov bildirib ki, vasitəçilər – Rusiya, Amerika və Avropanın Qarabağ münaqisəsinini həlli yolluna münasibəti yekdil olub.
Bu günlərdə Yerevana səfərini xatırladan Lavrov deyib ki, münaqişənin aradan qaldırılması indi daha çox Ermənistan üçün vacibdir. Bu ölkə məhz regiondakı böhran vəziyyətinə görə blokadadır və bu səbəbdən də xarici əlaqələr baxımından çox əziyyət çəkir. Yerevanın məqsədi - bu vəziyyətdən tezliklə yaxa qurtarmaqdır. "Coğrafi və siyasi çıxış yolları isə çox deyil. Dağlıq Qarabağ problemi həll edilsə, Türkiyə Ermənistana xarici əlaqələri qurmaqda yardım göstərəcək və Yerevanla rəsmi, diplomatik münasibətləri bərpa edəcək", - Lavrov belə hesab edir.
Rusiyanın baş diplomatı qeyd edib ki, hələ Qafqaz böhranından əvvəl Qarabağ probleminin həlli istiqamətində Ermənistan və Azərbaycan prezidentlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə keçirilən görüşləri çərçivəsində irəliləyiş üçün yaxşı şans yaranmışdı. Dövlət başçılarının növbəti görüşlərində razılaşdırılmalı olan iki-üç məsələ həll edilməmiş qalır. Bu görüşlər Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq. "İlk öncə, söhbət Laçın dəhlizindən gedir", - deyə Rusiyanın xarici işlər naziri qeyd edib. Onun sözlərinə görə, praktiki olaraq, nizamlanmanın bütün prinsip və mexanizmlərini təsvir edən dolğun sənəd hazırdır".
Son qərar, sözsüz ki, Ermənistan və Azərbaycandan asılıdır, amma bu prosesin bütün xırdalıqları və incəliklərini yaxşı başa düşən vasitəçilər həll yollarını artıq görür.
Bu məsələdə Türkiyə faktoruna gəlincə isə, Lavrov deyib ki, Türk diplomatiyası Qafqazda sabitlik paktını yaxşı düşünüb, amma onun reallaşması üçün daha çox fəallıq lazımdır.
Bəs Bakıda Rusiyanın Qarabağ nizamlamasında təşəbbüsü ələ almaq cəhdlərinə mühasibət necədir? Politoloq Rasim Musabəyov Rusiya xarici işlər nazirinin bəyanatları barədə "Amerikanın səsi"nə bunları deyib:
"Hər halda, bu vaxta kimi Rusiya Qarabağ münaqişənin həllilə bağlı vasitəçi olmasına baxmayaraq, praktiki olaraq, konfliktin konservləşməsində daha maraqlı görünürdü. Son bir ayda isə sanki Rusiya tərəfindən müəyyən müsbət təsirlər etmək niyyətləri hiss olunur. Söhbət ondan gedir ki, Rusiya bu nizamlamada təşəbbüsü ələ alaraq, nəzərə alır ki, Gürcüstandakı olaylardan sonra Minks Qrupunun fəaliyyəti pozulub, Amerikanın isə başı seçkilərə qarışıb. Və belə vəziyyətdə Rusiya münaqişənin həllində müəyyən bir irəliləyişə yaşıl işıq açmaqla, özünü dünyaya konstruktiv qüvvə kimi göstərib xal toplamaq, eləcə də həm Bakıda, həm də Yerevanda öz mövqeyini möhkəmlətmək istəyir. Belə səylər hiss olunur".
Rasim Musabəyovun fikrincə, hər nə qədər Rusiya Qarabağ nizamlanasında təşəbbüsü ələ almağa çalışsa da bunun yaxın tezlikdə praktiki nəticəsini gözləmək real olmazdı.

XS
SM
MD
LG