Amerika dövlət katibi Kandaliza Raysın bu günlərdə Qazağıstana
səfəri beynəlxalq diqqəti yenidən Xəzər
və Orta Asiya regionlarının enerji ixracatındakı problemlərə yönəldib. Qərb
dairələri sual edirlər ki, Rusiya ilə Gürcüstan arasında müharibə
başlayanda və Qafqazdan Türkiyəyə və Qara dənizə gedən kəmərlər bağlananda
Azərbaycan əvvəlcə bu dəyişikliklərin müvəqqəti olduğunu bildirmişdi. Amma
artıq bir aydan çoxdur ki, müharibə dayanıb. Azərbaycan isə neftin Rusiya və
İran vasitəsilə ixracını hələ də davam etdirir.
"Financial Times" qəzetinin bu
yaxınlarda Bakıdan qayıtmış əməkdaşı İzabel Qorts yazır ki, neftlə zəngin Azərbaycan Gürcüstan
böhranına trans-Xəzər neft kəmərinə etibarını azaltmaqla cavab verdi. Onun bu
hərəkətləri ABŞ-da və Avropa Birliyində narahatlıqlar yaradıb. İndi Vaşinqtonda
sual edirlər ki, Azərbaycan neftin ixracını Rusiya və İran vasitəsilə nə qədər
davam etdirəcək, çünki Qafqazda vəziyyət çox risklidir.
Narahatlığa səbəb budur ki, Azərbaycan
Rusiyaya kiçik həcmdə neft ixrac etsə də, bu Kreml üçün çox vacibdir, çünki
Moskva Xəzər enerjisi üzərində nəzarəti əldə saxlamaqda israrlıdır.
ABŞ dövlət katibi Kondoliza Raysın
Qazağıstana səfəri ərəfəsində Amerika qəzetləri yazırdılar ki, Vaşinqtonun
Mərkəzi Asiya ölkələrini özünün dəstəklədiyi kəmərlər vasitəsilə ixraca sövq
etməsi qarışıq uğurlarla nəticələnib və artıq iflasa uğraya bilər. Belə ki,
Qazaxıstan Moskva ilə yeni ixrac yollarına dair danışıqlar aparır, Azərbaycan
isə Rusiyanın Gürcüstandakı hərəkətlərini lənətləyən Qərbə qoşulmur.
Bunula belə, iki gün əvvəl Astanada
Amerika dövlət katibi ilə görüşmüş Qazagıstan prezidenti Nursultan Nazarbayev
əmin edib ki, onlar Orta Asiya və xəzərin enerji resurslarının Qərbə nəqlində
Azərbaycanla eyni maraqları bölüşürlər. Amma bu işdə siyasi və maliyyə
dəstəyinə ehtiyac duyulur. Belə ki, indi investorlar Xəzər dəhlizinə daha təhlükəli
variant kimi baxırlar. Bu dəhliz üzərindəki təhlükələr Bakı və Astananı da
ciddi düşündürür. Amma vəziyyətin dəyişib-dəyişmədiyi hələ bəlli deyil.
Enerjı məsələləru üzrə ekspert İlham
Şaban "Amerikanın səsi" radiosuna bildirib ki, əslində indi vəziyyət
göründüyündən daha qəlizdir. Onun firkincə, Gürcüstandakı hadisələr
Azərbaycanla Qazağıstanı uzunmüddətli problemlərə salıb:
"Gürcüstandakı hadisələr Azərbaycanın
ixrac imkanlarını minimuma endirdi. Azərbaycan isə məcbur oldu ki, çıxış yolu
üçün İran tərəfi ilə danışıqlar aparsın. O vaxt belə güman edilirdi ki, bu
proseslər uzun çəkə bilər. Ona görə də 300 min barrel neftin İran üzərindən
daşınması barədə razılıq əldə edildi. Amma iş orasındadır ki, 100 min barrel
neft daşınandan sonra, artıq BTC kəməri işə düşdü və bütünlükdə Azərbaycan öz
neftini o istiqamətdə daşıdı. 200 min barrel nefti isə Azərbaycan İran
qarşısında götürdüyü öhdəliyə uyğun olaraq, bu ilin sonunacaq o istiqamətdə
daşıyacaq. Ümumiyyətlə bu, həm də gözlənilməz hadisələr üçün İran marşrutunu
yoxlamaq baxımından əlverişlidir. O ki qaldı Qazağıstana, mən düşünmürəm ki bu
ölkə neftin Qərbə Azərbaycan üzərindən nəqli planlarından daşınsın. Sadəcə
olaraq, müharibə bu marşrutların üzərində təhlükəsizlik problemlərini
aktuallaşdırdı. Beləliklə burada söhbət mövcud reallıqdan istifadə edərək,
imkanların reallaşdırılmasından gedir".
Buna baxmayaraq, belə təəssürat
yaranır ki, cənab Nazarbayev və onun azərbaycanlı həmkarı Rusiyaya güzəşt
etməyə məcbur olunsalar da, onların alternativ Transqafqaz dəhlizini inkişaf
etdirmək məsələsindəki maraqları olduğu kimi qalmaqdadır.