Accessibility links

Aleksandr Karavayev: “Minsk qrupu artıq dağılıb”


Bu gün Bişkekdə Rusiyanın təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya Xarici İşlər nazirlərinın görüşü olub. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Müstəqil Dövlətlər Birliyinın sammiti çərçivəsində keçirilən görüşün təfərrüatları barədə heç bir məlumat verilmir.
Bundan iki həftə əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Nyu Yorkda BMT sammiti çərçivəsində Türkiyənin vasitəçiliyi ilə görüşmüşdülər. Hazırkı Bişkek sammiti isə Qafqazdakı müharibədən sonra ilk MDB toplantısıdır və bir çox görüşqabağı şərhlərə görə, bu mövzu sammitin əsas müzakirə obyektlərindən olmalıydı.
Ancaq nə sammitin rəsmi nəticələrində, nə də Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinın birgə görüşü ilə bağlı məlumatlarda bu məsələdən bəhs edilmir və ehtimallara görə, bu, MDB ölkələri arasında fikir birliyinin olmaması ilə əlaqədardır.
Moskvalı ekspert professor Aleksandr Karavayevə görə, Rusiya Qafqazda separatçı bölgələrin tanınmasına nail olmasa da, burada yeni status-kvonun müəyyən mənada qəbuluna nail olub. İndi isə Moskva yeni status-kvoyla MDB ölkələrini də barışdırmaq istəyir. Bu ölkələrin əksəriyyəti isə, məsələn Azərbaycan, Moldova və digərləri Rusiyanın Qafqazda yeni qaydalarını məhz ərazilərindəki münaqişələrə görə qəbul etmirlər. Beləliklə də Bişkekdə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü, ekspertə görə, daha çox Moskvaya lazım idi: “Son hadisələrə nəzər saldıqda, Qarabağ nizamlaması ilə bağlı keçirilən ikitərəfli və üçtərəfli görüşlər daha çox nüfuz yarışına bənzəyir. Əlbəttə, hər hansı yeni format özlüyündə yeni konyekturalar gətirir. Amma ümumilikdə nizamlama prosesində elə bir dəyişiklik baş verməyib. Konkret olaraq Rusiya nə dərəcədə problemin həllinə kömək edə bilib, bu sual mübahisəli və qeyri-müəyyəndir”.
Politoloq deyib ki, bütün hallarda nazirlərin görüşləri müəyyən nikbinlik gətirir. Çünki hər halda, onlar bir-birinin mövqeyini prezidentlərə məruzə edirlər. Amma danışıqların əvvəllər olduğu kimi, bir formatda deyil, müxtəlif formatlarda aparılması nizamlama prosesində bir nizamsızlıqdan xəbər verir. Bu isə son illərdə tərəflər arasında əldə edilmiş nəticələri təhlükə altına salır. Bütün hallarda ekspertə görə, danışıqlar prosesini təhlil etmək üçün Azərbaycandakı prezident seçkilərini gözləmək lazımdır: “Əgər prezident seçkisindən sonra Əliyev-Sərkisyan görüşlərini davam etdirmək mümkün olsa, o zaman müəyyən perspektivdən danışmaq olar. Yalnız ondan sonra deyə bilərik ki, hansısa yenilik var, ya yox”.
Bununla yanaşı, Moskvalı ekspert deyir ki, əgər Rusiya ilə Türkiyənin Qarabağ nizamlamasındakı vasitəçilini “Qafqaz evi”ndə birləşdirmək mümkün olsa, o zaman danışıqlara yeni nəfəs gələ bilər. ATƏT-in Minsk Qrupuna gəldikdə, cənab Karavayev deyir ki, bu qrup artıq dağılıb:“Biz əvvəllər də Minsk Qrupundan prosesin həlli istiqamətində real iş görmədik. Prezidentlər görüşürdülər, amma nəticə olmurdu. Son illər bu qrup faktiki olaraq heç nə etmirdi. Nəticə yox idi”.
Ekspert deyir ki, indi Minsk Qrupu faktiki olaraq, Rusiya ilə Amerika arasındakı gərginliyin güdazına gedib.


XS
SM
MD
LG