Irandakı
Azərbaycan türklərinin tanınmış fəallarından biri Əkbər Azad ötən ay ölkənin
paytaxtında bir iftar mərasimində hüquq-mühafizə orqanları tərəfindən həbs
olunub. Ə.Azad vaxtı ilə Tehranda Azərbaycan türkcəsində çıxan «Varlıq»
jurnalının redaksiya heyətinin üzü olub. 2004-cü ildə Babək qalasına yürüşdən
sonra 67 gün Təbriz zindanında və Tehranın məşhur Evin həbsxanasında təkadamlıq
kamerada saxlanmışdı. Ötən ay isə Ə.Azadla birlikdə daha 10-12 azərbaycanlı
həbs olunub. Bu günlərdə məhkəmə
tərəfindən zaminə buraxılmış Ə.Azad başına gələnləri "Amerikanın
səsi"nın əməkdaşı Ələkbər
Raufoğluna nəql edib. Müsahibəni təqdim edirik:
Sual:
Sizi nə üçün həbs etmişdilər?
Cavab:
Bizi Ramazan ayında həbs etdilər. Dostlar ailələri ilə birlikdə bizi öz
evlərində iftar qonaqlığına dəvət etmişdilər. Amma mərasim başlamamışdan əvvəl
mühafizə qüvvələri evə soxularaq, heç yemək yeməyimizə də imkan vermədən bizi
yaxaladılar. Ac halda getdik həbsə. İndi hadisənin üzərindən 34 gün keçir. Mən
özüm 23-24 gün dustaqda qaldım. Bir nəfərlik kamerada saxlanılırdım. Bizə qarşı
müxtəlif ittihamlar irəli sürürdülər ki, guya Azərbaycanı İrandan ayırmaq istəyirik.
Amma qətiyyəylə deyirəm ki, dostlarımızın heç birində nəinki belə bir plan, heç
belə təfəkkür də yoxdur. Ola bilər, onların hamısı sadəcə Azərbaycan
fəallarıdırlar. Və bir sıra bəşəri insani haqlar var ki, hamı kimi biz də onları
mütaliə edirik. Amma burada bir qəbahət yoxdur axi. Biz də hamı kimi bütün
dünyəvi haqlara hörmət bəsləyirik. İstəyirik ki, uşaqlarımız
öz ana dillərində təhsil alsınlar, öz ərazimizdə iş olsun. İndi İranın harasına
əlini uzatsan, orada azərbaycanlılar işləyirlər. Öz evlərinin yanında, öz
rayonlarında iş olmadığına görə, vətənlərində didərgin yaşayırlar. Əsas məsələ
budur. Amma bu düçüncə tərzi bizim həbsimiz üçün səbəb olmamalı idi. Axı biz
orada heç nə etmirdik, iftara toplaşmışdıq. Orada da heç nədən danışılmırdı.
Lap tutaq ki, bir söz danışılsa belə, axı bu adi söz idi. Axı ortada heç bir
plan da yox idi. Ancaq nədənsə bizi bu vəziyyətdə yaxaladılar və dostların
hamısı da həbs müddətində müxtəlif xəstəliklərə düçar qaldılar. Mədə, ürək
xəstəlikləri və sair…
Sual:
Sizi həbs edənlər kimlər idi: polis, yoxsa kəşfiyyat işçiləri? Nəyə görə məhz
sizin toplaşdığınız mənzilə gəlmişdilər?
Cavab:
Onlar Təhlükəsizlik Nazirliyinin işçiləri idi - ETTELAAT-dan gəlmişdilər.
Sual:
Bəs necə oldu ki sizi azad etdilər? Sizə qarşı irəli sürülən ittihamlar
təsdiqlənmədi, yoxsa istintaq hələ də davam edir?
Cavab:
Hələ istintaq davam edir. Bizi ittiham
edirdilər ki, guya təhlükəsizliyi pozmuşuq. İndi də bizi zaminə buraxıblar.
Birinci növbədə konkret adamlar bizə zamin durdu. Amma sona dedilər ki, vəsiqə
gətirin. "Vəsiqə" deyəndə burada ya adambaşına müəyyən məbləğdə pul, ya da
dəyəri İran pulu ilə 50 milyon olan mənzil sənədi nəzərdə tutulur. Bu isə bizdə
yoxdur. Ona görə də təxminən sabah - birisi gün hər şey məlim olacaq. Bəlkə
yenidən həbsə saldılar bizi.
Sual:
Hazırda neçə nəfər yoldaşınız həbsdədir?
Cavab:
Bu günə qədər həbsdəki yoldaşlarımızı üç mərhələdə azadlığa buraxıblar. Əvvəlcə
qadınlarla uşaqları azad etdilər. Sonra daha üç dostumuzu buraxdılar. Üçüncü
mərhələdə məni və digər 3 nəfəri buraxdılar. Hazırda isə daha 5 nəfər həbsdə
qalır. Onların arasında mühəndis Həsən Raşidi olduqca ağır vəziyyətdədir. Onun
həm ürək xəstəliyi var, həm də astmaya tutulub. Bu yaxınlarda bağlanmış
"Dilmanc" jurnalının Əlirza Sərrafi də hələ həbsdədir. Ondan əlavə Səid
Muğanlı, Həsən Rəhimli Bayat və Mehdi Nəimi da həbsdədirlər. Mehdi tələbədir və
Azərbaycan mədəni mərasimlərində gözəl aparıcılıq edir. Mən bir məsələni
vurğulamaq istəyirəm ki, bizim bütün dostlarımız hamısı sülhsevən dinc
insanlardırlar. Onlar sadəcə hamı kimi, öz haqlarının qayğısını çəkirlər.
İranda 30 milyon Azərbaycan türkü yaşayır.
Öz ana dilimizdə danışmaq və öz mədəniyyətimiz altında yaşamaq bizim
əsas haqqımıqdır. Amma bu məsələ bu günün məsələsi deyil. Ona görə də bizi
əsassız yerə həbs etdilər. İran azərbaycasnlılarının haqları 100 ildir ki
tapdanır, özləri isə döyülürlər. Hələ də bu davam edir…
Sual:
Həbsxanada sizinlə necə davranılırdı?
Cavab:
Bizim hamımızı tək-tək 6-7 metrlik kameralarda saxlayırdılar. Demək olar ki,
hamımızı 10-12 dəfə istintaqa çağırıblar. Mənim özümü 11 dəfə istintaq etdilər.
Və bir sıra ittihamlar irəli sürdülər. Deyirdilər ki guya təhlükəsizliyi pozmuşuq. Daha sonra 10-15 il
bundan qabaqkı hansısa hadisədən
bəhs etdilər ki, belə bir şey də bizim yadımıza düşmürdü. Bizə daha çox
psixoloji təzyiq edirdilər. Arada dostların ikisini sıxma-boğmaya salırdılar.
Amma döymə yox idi.
Sual: Daha əvvəl İranda belə bir hal olubmu ki,
iftar mərasimində, yaxud da adi bir qonaqlıqda toplaşanlar həbs edilsin? Yəni
bu ölkədə yığıncaqlarla bağlı hansısa qadağa varmı?
Cavab: Bu gün İran Azərbaycanında
vəziyyət belədir ki, ictimai təşkilatların hamısı bağlanıb. Biz isə çoxdan idi
ki, qeyri-siyasi bir təşkilat yaratmağı arzu edirdik. 9-10 ay öncə bununla
bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik. Açmaq istədiyimiz qeyri-hökümət
təşkilatının adını da artıq müəyyənləşdirmişdik. Dil və mədəniyyət ocağı – yəni
qısaca olaraq DEMO. Bu, 9 ayda ərzində bizə heç bir cavab verilmədi. Amma
görünür, günahlarımızın biri budur ki, biz belə bir təşkilat yaratmaq
istəmişik. Mən onun təsisçilərindən biri olmalı idim. Digər həmtəsisçi isə
Həsən Raşidi olmalı idi ki, o da indi həbsdədir. Dünən ailəsi ona həbsxanada
baş çəkib. Deyilənə görə, vəziyyəti ağırdır, danışa bilmir. Amma yenə də
deyirəm ki, bu məsələnin Tehrandakı iftar qonaqlığı ilə heç bir əlaqəsi yox
idi. Əgər bizim bir yerə toplaşmağımızı istəmirdilərsə, gəlib qapının ağzında
deyərdilər ki, bura yığışmayın, qonaqlıq olmasın. Daha belə bir hadisəni gərək
yaratmayaydılar...