Accessibility links

Əli Kərimli: “Müxalifət bu seçkilərdən birləşərək çıxır”


Azərbaycanda növbəti prezident seçkiləri arxada qaldı. Əvvəlkilərlə müqayisədə bu dəfəki seçkilər bəzi yenilikləri ilə seçildi. Başlıca fərqlilik isə ölkədəki əsas müxalifətin seçkiləri boykot etməsi ilə bağlıdır. Boykot koalisiyasının iştirakçılarından biri olan Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli Qərb müşahidəçilərinin ölkədə keçirilən prezident seçkilərinə verdiklər qiyməti geo-siyasi maraqlarla əlaqələndirir. Onun fikrincə seçkiləri boykot etməklə müxalifət cəmiyyətdəki siyasi nüfuzunu nümayiş etdirdi. Cənab Kərimli Amerikanın səsinə boykot və seçkilərdən sonrakı addımlarla bağlı müsahibə verib.

Sual: Müşahidə missiyasının son bəyanatını necə qiymətləndirirsiniz?
Cavab: Müşahidə missiyasının son bəyanatını prinsipcə kompromis mövqe kimi qiymətləndirirəm. Razıyıq ki, heç olmasa, ATƏT-in müşahidə missiyası seçkilərlə bağlı əsas prinsipial tənqidi məqamların açıq şəkildə deyilməsinə nail oldu. Xüsusi olaraq bu seçkilərin Azərbaycanın beynəlxalq öhdəliklərini tam yerinə yetirilməsini nəzərdə tutmaması, bu seçkilərdə ictimai marağın az olması, əsas müxalifət qüvvələrinin seçkilərdə iştirak etməməsi vurğulandı. Təbliğat kampaniyası dövrünün ədalətsiz aparıldığı, seçki məcəlləsinin təkmilləşdirilmədiyi, seçki komissiyalarının bir partiyanın nəzarətində olması, sərbəst toplaşma azadlığının olmaması, media plüarizminin olmaması kimi prinsipial məsələlərə qiymət verildi. Biz əlbəttə ki, bundan məmnunuq, amma eyni zamanda dediyim kimi həm şəxsi, həm də bəziləri də geo-politik maraqlara görə əslində əhəmiyyətsiz olan faktorları da şişirdərək seçkidə müsbət irəliləyiş kimi təqdim eləyən əlavələr də edirlər.
Sual: Eyni zamanda həmin bəyanatda əsas müxalifətin seçkilərdə iştirak etməməsindən təəssüf hissi izhar olunur. Cənab Herkel bəyanatında bildirib ki, hansı şərait olur olsun, müxalifət seçkidə iştirak etməli idi. Bəs müxalifət seçkidə iştirak etməməklə nə qazandı və nə itirdi?
Cavab: Müşahidə missiyası da qəbul edir ki, indiki hakimiyyətə real alternativ yalnız seçkini boykot edənlər ola bilərdi və onlar olmadığına görə seçki alternativsiz keçib. Herkel öz açıqlamasında fərqli mövqeyini ifadə edib. O, əvvəllərdə bizimlə söhbətində bu mövqeyi demişdi və biz ona izah etmişdik ki, bu seçkiləri boykot etməyimizdə heç bir qeyri-adilik yoxdur. Biz faktiki olaraq, bir neçə ay bundan qabaq ATƏT Rusiya seçkilərində davrandığı kimi hərəkət etdik. Necə ki ATƏT məhdud imkanlar şəraitində müşahidə görüntüsü yaratmağı özünə rəva görmədi, eləcə də biz real müxalifət olmağa imkan olmayan yerdə müxalifətin rolunu oynamağa razılaşmadıq. Burada qeyri-adi bir şey yoxdur. Bizdən qabaq Pakistanda, Zimbabvedə və başqa ölkələrdə müxalifət seçkiləri boykot etmək məcburiyyətində qalıb və avropalılar bunu normal başa düşüb. İndi biz bəziləri tərəfindən məlum səbəblərə görə başa düşülmürük. Hazırda Azərbaycanın geo-politik önəmi artıb. Azərbaycan hakimiyyətinə jest etmək üçün bəzi beynəlxalq təşkilatların təmsilçiləri bəhanələr axtarırlar. O cümlədən, Azərbaycan hakimiyyətinin seçkilərdə törətdiyi qanunsuzluqları görməmək üçün müəyyən bəhanələr axtarırlar. Ona görə də bəzi hallarda xırda hərəkətlər böyük bir müsbət addım kimi qiymətləndirilir. Məsələn götürüb böyük bir missiyanın sənədlərinə yazıblar ki, İlham Əliyev seçki kampaniyası dövründə öz portretlərini yığışdırıb.
Sual: Seçkiləri boykot edən siyasi partiyaların bundan sonrakı addımları nədən ibarət olacaq. İndi bəyan etdiniz ki, mitinqlərə də icazə vermirlər. Mübarizə metodologiyanız nədən ibarət olacaq?

Cavab: Biz yenə də kütləvi aksiyaların keçirilməsinə təşəbbüslər edəcəyik. Bu mərhələdə biz kütləvi aksiyaları razılaşdırmadan keçirməyə qərar vermədik. Bir səbəbi də bu idi ki, bölgədə həssas durum qalır və hesab etdik ki, indiki məqamda hansısa razıladırılmamış aksiyamızdan kimlərsə təxribat kimi istifadə edə bilər. Amma biz bu hüququ özümüzdə saxlayırıq. Hansı mərhələdə zərurət hesab etsək razılaşdırmadan, mən bunu qanunsuz adlandırmıram, sadəcə hakimiyyətin qeyri-qanuni tələblərinə məhəl qoymadan, konstitusion hüququmuz olan sərbəst toplaşmaq azadlığını həyata keçirməyə çalışacağıq. İkinci istiqamət isə ölkədə real müxalifət qüvvələrinin inteqrasiyasına nail olmaqdır. İndi həmin o real müxalifət qüvvələrinin fəaliyyətinin daha sıx koordinasiyasına nail olmaq əsas vəzifəmizdir. Əvvəlki seçkilərdən bu seçki müxalifət üçün bir mənada müsbət baxımdan fərqlənir ki, biz hər dəfə seçkilərdən sonra parçalanırdıq, müxalif düşərgədə qarşılıqlı ittihamlar səslənirdi. Amma indi əksinə, müxalifət bu seçkilərdən birləşərək çıxır. Hesab edirəm ki, bu istiqamətdə də işləmək lazım gələcək.

XS
SM
MD
LG