Rusiya
prezidenti Dmitri Medvedev bu gün 2 günlük rəsmi səfərlə Yerevana yollanıb.
Rəsmi məlumatlara görə, səfərin məqsədi Qafqazdakı problemlərin həlli
prosesində Rusiya-Ermənistan əməkdaşlığını müzakirə etməkdir.
Bu il ərzində Rusiya və Ermənistanın prezidentləri dörd dəfə
görüşüblər. Lakin Dmitri Medvedev ilk dəfədir ki, Yerevana gedir.
Bu səfərin Amerika dövlət katibinin müavini Daniel Fridin Yerevanı tərk
etməsindən dərhal sonra baş tutması da diqqətdən yayınmır. Keçən ay Amerika
vitse-prezidenti Dik Çeyni də Bakıda olarkən Rusiya prezidenti azərbaycanlı
həmkarına dərhal zəng etmişdi və onu Moskvaya dəvət etmişdi.
Yerevana Medvedevdən əvvəl yollanan Daniel Frid orada bəyan edib
ki, bu ilin sonuna qədər Qarabağ münaqişəsinin həllində Azərbaycan və
Ermənistanın real razılaşma əldə etməsi mümkündür. Cənab Frid deyib ki, bunun
üçün hər iki tərəf çox çətin qərarlar verməlidir.
İndi isə Rusiya mənbələri prezident Medvedevin tezliklə Azərbaycan və
Ermənistan liderlərini görüşdürmək planlarından xəbər veririlər. Daha əvvəl
Yerevana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov da belə
bir görüşün Azərbaycandakı prezident seçkisindən sonra baş tutacağını
bildirmişdi. Belə görünür ki, Moskva artıq konkret hərəkətə keçir. Bəs
Rusiyanın Qarabağla bağlı son təşəbbüsləri ilə Qərbin bu yöndəki səyləri
arasında nə bağlılıq var?
Rusiya Duması Federasiya Şurasının üzvü, deputat Sergey Markov "Amerikanın
səsi"nə deyib ki, Moskva indi Qafqazdakı münaqişələrin həllində daha real
oyunçu roluna malikdir. Eyni zamanda, onun sözlərinə görə, nə Qərb, nə də
Rusiya münaqişənin həllilə bağlı səylərində ciddi mərhələyə keçib: "Məncə hələ
heç kimin Dağlıq Qarabagla bağlı ciddi planı yoxdur. Hansısa yenilik yaratmaq
və danışıqlarda indiki dalan vəziyyətindən çıxmaq üçün heç bir konkret
təşəbbüslər ortaya qoyulmayıb. Burada format məsələsi də önəmlidir. Əlbəttə ki
ilk növbədə Ermənistanla danışmaq Rusiya üçün vacibdir. Çünki Rusiya xüsusilə
Gürcüstandakı hadisələrdən sonra regionda yeni yaranmış status-kvonu
cilovlamağa çalışır. Rusiyaya vaxt lazımdır ki, Qafqazın sabitliyi baxımından
özünün əvvəlki rolunu, necə deyərlkər heç nə olmayıbmış kimi, təsdiqləyə
bilsin. Biz özümüzün haqlı oldüğümüzü sübut etməli, həm də Rusiyanın sülhpərvər
ölkə kimi nüfuzunu bərpa etməliyik. Bu Qarabağ nizamlaması üçün olduqca
vacibdir. Rusiyada vəziyyət dəyişib. Məncə bu hamı üçün vacibdir".
Bununla yanaşı, Rusiyalı deputat deyir ki, Moskva Azərbaycan və
Ermənistan arasında sülh danışıqlarını yenidən canlandırmaqda qətidir. Onun
sözlərinə görə, Rusiya bunu kiminsə acığına deyil, özünün nüfuzu və regionun
sabitliyi baxımından edir.
Yerevana yollanmazdan əvvəl Dimitri Medvedev azərbaycanlı həmkarına
məktub göndərib və onu prezident seçiləsi münasibətilə təbrik etməklə yanaşı,
Qafqazda sülh təşəbbüslərini birlikdə davam etdirməyə çağırıb.