Dünyanın ən böyük enerji ixracatçıları İran, Rusiya və Qətər OPEK tipli kartelin yaradılması məsələsini müzakirə ediblər. Bu perspektivin enerji idxal edən Avropa ölkələri və Birləşmiş Ştatları qıcıqlandıra biləcəyi deyilir.
Bu günkü görüş İranın ali dini rəhbəri Ayətullah Əli Xameneinin 2007-ci ilin yanvarında belə bir kartelin yaradılması fikrini irəli sürməsindən sonra ilk görüşdür.
Təşəbbüs Birləşmiş Ştatlar və idxal edilən qazın yarısını Rusiyadan alan 27 ölkənin daxil olduğu Avropa Birliyi ölkələri tərəfindən narahatlıqla qarşılanıb.
Rusiya və Mərkəzi Asiyadan qazı Avropaya nəql edən kəmərlərə nəzarət edən Moksva demək olar ki, təchizatı öz əlinə alıb.
Enerji qiymətləri və bunun nəticəsi olaraq Rusiyanın siyasi nüfuzunun daha da artacağından qorxan Avropa Birliyi liderləri bildiriblər ki, Rusiyanın hər hansı qaz karteli səyinin əleyhinə çıxacaqlar.
İranın neft naziri Qulam Hüseyn Nozəri deyib ki, çox böyük qaz ehtiyatlarına malik bu üç ölkə qaz ixrac edən ölkələrin təşkilatının yaradılması ideyasını gerçəkləşdirməyə çalışacaq.
Nozari qətərli həmkarı Abdullah Bin Hamad əl-Attiya və Rusiyanın dövlətə məxsus Qazprom şirkətinin rəhbəri Aleksey Millerlə görünşündən sonra açıqlama verib.
O deyib ki, tərəflər kartelin yaradılmasını xarici işlər nazirləri səviyyəsində növbəti görüşdə müzakirə etməyi qərara alıblar.
Ekspertlərin böyük hissəsi hesab edir ki, neft ixrac edən ölkələrin OPEK təşkilatına oxşar təbii qaz karteli yaratmaq çətin görünür.
Təchizat və tələbatdan asılı olaraq bazar tərəfindən idarə edilən mübadilə əsasında satılan neftdən fərqli olaraq, qaz əksər hallarda alıcıya qiyməti 25 ilə qədər eyni saxlamaq imkanı verən müqavilələr əsasında satılır.
Bunun nəticəsi kimi, belə bir kartelin də nüfuzu olmayacaq.
Qaz mübadiləsi sisteminin yaradılması həm də təbii qazın böyük hsisəsinin kəmərlər vasitəsilə nəqli və neft kimi dünyanın müxtəlif ölkələrinə çatdırılmasının çətin olduğuna görə asan olmaya bilər.
Kəmər infrastrukturu uzun müddətli müqavilələri zəruri edən böyük investisiyalar tələb edir.
Rusiya prezidenti Vladimir Putin və Qətərin əmiri Şeyx Əhməd bin Xəlifə Əl-Səni 2007-ilin aprel ayında qlobal bazarda nəzarətə malik olmaq üçün istehsalçı ölkələrin maraqlarını təmsil edəcək bir kartelin yaradılması ideyasını nəzərdən keçirəcəklərini bildirmişdilər.
Rusiya və Qətər dünyanın ən böyük qaz istehsalçı olan üç ölkəsi arasındadır. Təkcə Qətər dünyanın ən böyük qaz yataqlarına malikdir.