Accessibility links

Piter Semnebi: “Seçkilərdə heç bir sürprizlə qarşılaşmadıq”


Avropa İttifaqına sədrlik edən Fransa və daha bir neçə ölkə bu gün Birliyin Azərbaycandakı prezident seçkisinə dair bəyanatını dərc edib. Qurum rəsmi Bakıya demokratiya ilə bağlı üzərinə götürdüyü öhdəlikləri xatırladır. Sənəddə habelə Azərbaycandakı son seçkilərlə bağlı bir sıra narahatlıqlardan bəhs edilir, eyni zamanda müəyyən irəliləyişlər də vurğulanır.
Bəyanatda bildirilir ki, Azərbaycanda budəfəki seçkilər ictimai debatların təşkil olunması, səsvermənin keçirilməsi və səslərin hesablanması baxımından beynəlxalq demokratik standartlara hələ tam uyğun gəlmir.
Baxmayaraq ki, ölkənin qanunverici orqanları seçkilərin daha yaxşı keçirilməsi üçün beynəlxalq çağırışların bir qismini, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Avropa Şurası Venesiya Komissiyasının təklif etdiyi tövsiyələrin bəzilərini nəzərə alıb. Belə ki, Seçki Məcəlləsinə dəyişikliklər edilib. Bəyanat müəllifləri təkidlə Azərbaycan hakimiyyətini demokratiya, plüralizm və media azadlığı sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət üçün cəhdləri davam etdirməyə çağırır.
Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyir ki, əslində seçkilər Azərbaycanla yanaşı onun müttəfiqlik etdiyi İttifaq qarşısında da bəzi çağırışlar qoyur. Buna görə də, indi birlik Avropanın Qonşuluq Siyasəti çərçivəsində, Azərbaycanın demokratik təsisatlarının inkişafına öz dəstəyini davam etdirmək niyyətini bir daha təsdiq edir.
Cənab Semnebi bugünlərdə Bakıdan qayıdıb, prezident seçkilərinin gedişini Naxçıvan Muxtar Respublikası ərazisində izləyib. Xüsusi nümayənbdə bildirir ki, "seçkilər kifayət qədər sakit keçib":
"Biz bəyanat yaymışıq, mən sadəcə olaraq Azərbaycanın demokratiya öhdəlikləri ilə bağlı bəzi pozitiv məqamları vurğulamaq istəyirəm. Əslində bu, hamı qarşısında çağırışdır. Açığını deyəcəyəm, biz Azərbaycandakı seçkilərdə heç bir sürprizlə qarşılaşmadıq. Bu, bütün hallarda irəliyə dogrü bir addımdır. Əlbəttə ki, Azərbaycandan daha çox islahatlar gözləyirik. Məncə indi əməkdaşlıq vacibdir. Birlikdə çalışıb maneələri həll etmək olar. Buna görə də Avropa Qonşuluq Siyasəti çərçivəsində, Avropa Birliyi Azərbaycanın demokratik təsisatlarının inkişafına öz dəstəyini davam etdirmək niyyətini bir daha təsdiq edir".
Bəyanata Avropa Birliyinin üzvlərindən başqa, quruma namizəd ölkələr – Xorvatiya, Makedoniya və potensial namizədlər Albaniya, Çernoqoriya, Serbiya, və Avropa Sərbəst Mübadilə Assosiasiyasının üzv ölkələri, habelə Avropa İqtisadi Məkanının üzvləri İslandiya və Norveç də qoşulub.
Azərbaycan 2006-cı ildən Avropa Birliyinin yeni qonşuluq proqramının üzvüdür və bundan irəli gələrək, öhdəliklərin icrası üzrə Fəaliyyət Planı həyata keçirir. Bu ilki prezident seçkiləri ölkənin Avropa qonşuluq siyasətinə qoşulmasından bəri keçirilmiş ilk siyasi aksiya idi.

XS
SM
MD
LG