Accessibility links

“Azərbaycan üçün ağır itki…”


Tanınmış Azərbaycan ifaçısı Müslüm Maqomayev oktyabrın 25-də səhər, ömrünün 67-ci ilində vəfat edib. O, ürək-damar xəstəliklərindən əziyyət çəkirdi. Dünya şöhrətli Maqomayev Bakıda anadan olub, son vaxtlara qədər Moskvada yaşayırdı. Azərbaycan hakimiyyəti Maqomayevin gələn həftə Bakıdakı Fəxri Xiyabanda dəfn olunmasına qərar verib. Müslüm Maqomayevin repertuarında 600-dən çox əsər - ariyalar, romanslar, estrada və xalq mahnıları var idi. “Amerikanın səsi”nin əməkdaşı Ələkbər Raufoğlu dünya şöhrətli müsiqiçinin ən yaxın dostlarından biri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru Fərhad Bədəlbəyli ilə əlaqə saxlayaraq, onun müğənni haqqında xatirələrini öyrənib.

Fərhad Bədəlbəylinin dedikləri:

“Bu, Azərbaycan üçün ağır və dəhşətli bir itkidir. Qara Qarayev, Fikrət Əmirov, Niyazi – Müslüm Maqomayev onların səviyyəsində idi. Və onlardan sonra bu itki olduqca dəhşətlidir. Mən Müslümü uşaqlıqdan tanıyıram. O, Azərbaycanı bütün dünyada təmsil edirdi. Son dərəcə təvazökar, xeyirxah insan idi, əla dost idi. Bu, əvəzsiz bir itkidir... Müslüm Azərbaycan bəstəkarlarının əsərlərini bütün dünyada təbliğ edirdi. Həm də özü Azərbaycan haqqında gözəl mahnılar bəstələyirdi. O, həm gözəl ifaçı, həm də gözəl rəssam, gözəl heykətəraş, gözəl publisist idi. Hansı sənəti götürsəniz, Müslüm orada öz sözünü demiş insan idi… Mən Müslümün Bakıda dəfn olunması barədə hökümətin qərarını dəstəkləyirəm. Çünki vaxtı ilə tanınmış erməni bəstəkarı Aram Xaçatryan bir gün də olsun Yerevanda yaşamamasına baxmayaraq - o, Tbilisidə dünyaya gəlmişdi və bütün ömrü boyu Moskvada yaşayıb-yaradıb - amma dünyasını dəyişəndə, onu Yerevana apardılar və qəbiristanlıqda da yox, şəhərin mərkəzində basdırdılar. Əlbəttə, Müslümün babası Müslüm Maqomayevin də Bakıda Fəxri Xiyabanda məzarı var. İndi Müslüm mütləq Azərbaycan torpağında yatmalıdır. Çox əfsuslar olsun ki, iki il əvvəl İsmayıl Hacıbəyov və indi isə Müslümün vəfatından sonra Azərbaycan müsiqisində Maqomayevlər ailəsinin xətti qırılır. Müslümün hazırda Amerikada yaşayan bir qızı var. Amma o, sənətlə bağlı deyil. Buna görə də bu itki bizim üçün daha da ağırdır”.

XS
SM
MD
LG