Londonda yerləşən Beynəlxaq Əfv Təşkilatı Tehranın “Evin” həbsxanasında saxlanan 4 azərbaycanlı ziyaliya işgəncə verilməsi ehtimalından narahat olduğunu bəyan edib. Təşkilatın yaydığı son bəyanatda bildirilir ki, sentyabrın 10-da Tehranda həbs edilmiş azərbaycanlı fəallardan 15-i tədricən zaminə buraxılıb. “İranın Milli təhlükəsizliyinə qəsd” maddəsi ilə barələrində cinayət işi açılan digər 4 azərbaycaklı - yazıçı Həsən Raşidi, Səid Məhəmmədi(Muğanlı), Abbas Nəimi və Əlirza Sərrafi isə hələ də həbsdədir. Bəyanatda daha sonra vurğulanır ki, bu yaxınlarda həbsdən buraxılməş Əkbər Azad saxlanıldığı müddətdə təmiz hava qəbul etmək imkanlarından məhrum olduğunu bildirib. Ona sutkada yalnız 2 dəfə yarım saat müddətinə təmiz hava qəbul etmək icazəsi verilib. Mədəsində problemlərin olmasına baxmayaraq, tibbi xidmətdən istifadə imkanı da verilməyib. Keçmiş məhbus azad edildikdən sonra da özünün və ailəsinin müxtlif təhdidlərə məruz qaldığını bildirib. Beynəlxaq Əfv Təşkilatı İran hökümətini hazırda qapalı təcridxanada saxlanılan azərbaycanlı fəallara ailə üzvləri ilə görüşməsinə və onların vəkillə təmin olunmasına şərait yaratmağa çağırır. Təşkilat qeyd edir ki, məhbuslara qarşı qəbul oluna biləcək rəsmi ittiham elan edilməli və ədalətli məhkəmə prosesləri keçirilməlidir. Bəyanatda habelə fikir azadlığı hüququna istinad edilərək, həbsdəki azərbaycanlı fəalların bir sıra hüquqlarının pozulduğu və buna görə də vicdan məhbusları olduqları bildirilir və onların qeyd-şərtsiz azad olunması tələb edilir.