Hindistan rəsmiləri bildirirlər ki, dünən Assam ştatı boyu həyata keçirilən bomba hücumu qurbanlarının sayı artaraq, 77-yə çatıb. Assam ştatının 4 şəhərində partladılan 12 bomba 330 nəfərdən çox insanın yaralanmasına səbəb olub. Polis bombaların çoxunun ştatın mərkəzi şəhəri Quvahatidə partladıldığını bildirir. Yerli rəsmilərin bildirdiyinə görə isə bir qrup qəzəbli insanın polisə və xilasedici dəstələrin üzvlərinə, eləcə də təcili yardım və yanğınsöndürən maşınlara hücumundan sonra həmin ərazilərdə qadağan saatı elan edilib. Hələ də bomba hücumlarının məsuliyyətini öz üzərinə götürən olmayıb. Regionda fəaliyyət göstərən ULFA separatçı qrupu da hücumda əli olmadığını bildirib.