Accessibility links

ABŞ-ın Yayım Şurası Azərbaycanda mediaya məhdudiyyətlər barədə bəyanat yayıb


Amerikanın səsinin də tərkibində olduğu ABŞ-ın Yayım Şurası (Broadcasting Board of Governors) cümə günü yaydığı bəyanatda beynəlxalq medianın, o cümlədən Amerikanın səsi və Azadlıq radiosunun yerli radio yayımlarının dayandırılması ilə bağlı təklifin qəti əleyhinə olduğunu bildirib. Yayım şurasının üzvü Stivin Saymıns deyib ki, "Regionda milyonlarla insan bizim yüksək keyfiyyətli xəbər, informasiya və analizlərimizə etibar edir və biz Azərbaycan hökumətini bu planı yenidən nəzərdən keçirməyə çağırırıq.” O əlavə edib ki, bu addım iki il əvvəl özəl yayım qurumlarına qarşı sərt təzyiqlərlə başlayan "xoşagəlməz tendensiyanı" izləyir və indi də beynəlxalq media birbaşa bundan təsir görür.

Bəyanatda Azərbaycan Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin Azərbaycan hökumətinin nəzarətində olan tezliklərdə beynəlxalq yayımların 2009-cu ildə dayandırılacağı barədə dedikləri xatırladılaraq Yayım şurası ilə əvvəlcədən məsləhətləşmə aparılmadığı qeyd olunur.

Bu arada ABŞ-ın Bakıdakı səfirliyinin sözçüsü Terri Deyvidsın Amerikanın səsinə verdiyi müsahibədə söyləyib ki, "biz hələ hansısa rəsmi qərar görməmişik. O deyib ki, Amerikanın səsi, Azadlıq radiosu və BBC kimi beynəlxalq yayımların Azərbaycanda ictimai debatların və anlayışın genişlənməsində böyük tövhələri var.

Yayım şurasının bəyanatında əlavə olaraq deyilir ki, Azərbaycan hökuməti 2006-cı ildə şuranın əməkdaşlıq apardığı ANS-i bağladı ki, bu da Azadlıq radiosu və Amerikanın səsinin radio və televiziya proqramlarının yerli yayımına son qoydu. Sənəddə əlavə edilir ki, indi təhlükə qarşısında olan radio lisenziyası o zaman bir kompramis həll yolu kimi təklif olunmuşdu.

XS
SM
MD
LG