Accessibility links

ABŞ Mətbuatı: Prezident Obama və yeni siyasi era


Demokrat namizəd Barak Obamanın Birləşmiş Ştatlara prezident seçilməsindən sonra ölkənin daxili və xarici siyasətinin perspektivləri geniş müzakirə mövzusuna çevrilib. Bir çoxları Obama prezidentliyini Amerika siyasi tarixində dönüş nöqtəsi kimi dəyərləndirir. Bu gün New York Times qəzetindəki yazısında Pol Kruqman Barak Obamanı 1932-ci ildə Böyük Depressiya dönəmində prezident seçilmiş Franklin Delano Ruzveltlə müqayisə edir. Müəllifin fikrincə ABŞ-da son onillərdə hökmranlıq edən, azad bazar prinsiplərini təbliğ edən Reyqan cərəyanı başa çatmaq üzrədir.

Ruzveltin siyasi islahatlarını ümumilikdə uğur kimi dəyərləndirən Kruqman Obamanı o zaman baş vermiş bir sıra xətalardan yan keçməyi tövsiyə edir. Ruzveltin təsis etdiyi New Deal – yəni Yeni Razılıq proqramı ümummilli səviyyədə bir sıra instututların yaranmasına və sosial layihələrə yol açdı ki, onların izləri indi də qalmaqdadır. Məsələn o zaman həyata keçirilən nəhəng ictimai layihələr yol, məktəb inşalarına yol açdı. Hökumət banklara qoyulmuş əmanətlərə 100 min dollar məbləğində zəmanət verdi ki, bu da insanların bank sisteminə etimadını bərpa etdi. Lakin Ruzvelt hakimiyyətinin ilk iki dönəmində iqtisadi qurtuluş baş vermədi. Buna başlıca səbəblər vergilərin artırılması və hökumət xərclərinin azaldılması idi. Kruqman tövsiyə edir ki, növbəti Prezident Obama iqtisadiyyatla aqressiv məşğul olsun və ölkədaxili ticarəti stimullaşdıran təşəbbüsləri əsirgəməsin.

Qarşı cəbhədə mühafizəkar Bill Kristol Weekly Standard məcmuəsində seçkiləri təhlil edərəkən Con Makkeynin məğlubiyyətini Amerika siyasətinin təəssüf doğuran tendensiyası ilə izah edir. Bir vaxtlar İraqda durum çox ağır olanda cənab Makkeyn qoşun artımına tərəfdar çıxan tək-tük siyasətçilərdən idi. Müharibəni uduzmaqdansa seçkiləri uduzardım deyən Makkeyn sonda İraq müharibəsində qələbə əldə edilməsinə nail oldu. Lakin Arizonalı qocaman senator seçkiləri uduzdu. Bill Kristol Makkeynin məğlubiyyətini Vinston Çörçilin İkinci Dünya Müharibəsinin ardınca 1945-ci ildə seçkiləri uduzmasına bənzədir. Müəllifin fikrincə ümumiyyətlə post-müharibə erasında xarici siyasət sınaqları arxa plana keçəndə bundan adətən Demokrat namizədlər faydalanır. Respublikaçı prezidentlərin xarici siyasətdə qazandığı uğurlar sonradan diqqətin daxilə yönəlməsi ilə nəticələnir ki, bu, da Demokratların qalibiyyətinə yol açır. Prezident Dvayt Ayzenhauerdən sonra Con F. Kennedinin prezident seçilməsini, Cerald Fordun hakimiyyətindən sonra Cimmi Karterin qələbəsini, və Birinci İraq müharibəsinin ardınca Bill Klintonun Corc Buşu məğlub etməsini müəllif buna nümunə gətirir. Kristol sonda ümid etdiyini bildirir ki, Prezident Obamanın siyasəti ondan əvvəlki Demokrat prezidentlərin zəif xarici siyasət kursundan fərqlənəcək və Amerikanın mövqeyi gücləndiriləcək.

Washington Post yazarı Farid Zakariya isə bu fikirlə büsbütün razılaşmır. Onun yazdığlna görə əgər İraqda zorakılqılar davam etsəydi, onda bu, Respublikaçılar üçün daha böyük məğlubiyyət olacaqdı. Onun fikrincə Buş administrasiyasının zor gücünə rejim dəyişmək və demokratiyanı yaymaq siyasəti iflasa uğrayıb. Məhz bu iflas Con Makkeynin prezidentlik şanslarına ciddi zərbə endirdi. Zakariya yeni prezidentə öz qərarlarında mötədil olmağı, birtərəfli siyasətə son qoymağı və dünyanın başqa ölkələri ilə sıx əməkdaşlıq münasibətləri qurmağı məsləhət görür.
XS
SM
MD
LG