Accessibility links

Təbriz məhkəməsi daha 3 azərbaycanlı haqda həbs qərarı çıxardı


Təbrizdə İslam İnqilabı Məhkəməsinin 6-cı şöbəsinin qərarı ilə, şəhər sakinləri azərbaycanlı fəallar Zahra Ciddi, onun həyat yoldaşı Əli Əmini və Mərziyə Ciddi 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bu barədə “Oyrənci”, “Azad Təbriz” , “Miyanaxəbər” və digər xəbər saytları məlumat yayıb.

Məlumata görə, bu şəxslər 2006-cı il sentiyabrın 22-də İranda Azərbaycan Türkcəsinin dövlət dili olaraq tanınması tələbi ilə keçirilən mitinqlər zamanı həbs edilmiş, müəyyən müddət saxlandıqdan sonra müvəqqəti azadlığa buraxılmışdırlar. Barələrində həbs qərarı çıxarılan fəallar, məhkəmənin qərarına qarşı rəsmi etirazla çıxış ediblər.

Sentiyabrın 22-si İranda ilk məktəb günü sayılır. Ölkədə ən böyük azlıq sayılan azərbaycanlılar isə ana dillərində təhsilin yasaqlandığı üçün, dərslərin ilk gününü fars dilli məktəbləri boykot etmək və bir sıra etiraz aksiyaları keçirməklə qeyd edirlər.

İran konstitutsiyasının 15-ci maddəsinə görə İranda rəsmi dil Fars dilidir, ancaq ölkədəki etnik azlıqlar Fars dili ilə yanaşı öz ana dillərində də təhsil almaq haqqına malikdirlər. 1979-cu il inqilabından sonra qəbul olunmuş ana yasada yer almış 15-cı maddənin icra edilməsi ilə bağlı çoxsaylı tələblərə baxmayaraq, bu maddənin həyata keçirilməsi indiyədək baş tutmayıb.

XS
SM
MD
LG