Accessibility links

Helsinki Komissiyası İlham Əliyevə məktub göndərdi


Birləşmiş Ştatların Avropada insan haqları üzrə məsul dövlət qurumu Azərbaycan hökümətinin “Amerikanın səsi” də daxil olmaqla xarici radiostansiyaların yayımının dayandırılması ilə bağlı planından narahatlığını bildirib.

Demokrat senator Benjamin Kardinin başçılığı ilə Avropada Əməkdaşlıq və Təhlükəsizlik Komissiyası - Helsinki Komissiyası rəhbərlərinin prezident İlham Əliyevə ünvanladığı məktubda Azərbaycan rəsmilərinin xarici radiolardan yerli tezliyin alınacağı ilə bağlı bəyanatlarının narahatlıq doğurduğu bildirilir.

Məktubda Amerikanın səsi və Azadlıq radiolarının Azərbaycan dinləyicilərini ən son obyektiv informasiya ilə təmin etdiyi xatırlanır.

Müəlliflər qeyd edirlər ki, Qərbə inteqrasiya kursu götürən Azərbaycanı «Amerikanın səsi» və “Azadlıq” radioları peşəkar media modeli ilə təchiz edir, ölkə vətəndaşlarının qərəzsiz və yeni proqramlara ehtiyacını ödəyir.

Bu radioların qısa dalğalarda yayımı dayandırılsa, milyonlarla azərbaycanlı bu verilişləri eşidə bilməyəcək və onlar üçün böyük itki olacaq. Müəlliflər gələcəkdə Azərbaycanda plüralistik media mühitinin daha da inkişafına yönəlik qərarların qəbul ediləcəyinə və radiolarının yerli tezlikdə yayımının davam etdirilməsinin bir yolunun tapılacağına ümidlərini bildiriblər.

Azərbaycan rəsmiləri xarici radioların yerli tezlikdə yayımının yanvar ayında dayandırılacağını bildiriblər. Bakı bunu qanunvericilikdə qoyulmuş qadağalarla əsasıandırır. Lakin ABŞ dövlət katibinin köməkçisi Deyvid Kremer ötən həftə cənab Əliyevlə danışıqlarından sonra deyib ki, o, radioların yayımının davam edəcəyinə ümidvardır.

XS
SM
MD
LG