Accessibility links

Türkmənistanda tarixi sammit


Azərbaycan, Türkmənistan və Türkiyə prezidentləri tarixdə ilk dəfə olaraq, bu gün bir yerə toplaşaraq, sammit keçiriblər. Üç türk liderinin müzakirə etdiyi əsas məsələ Xəzərin enerji resurslarının ixracı yollarını birləşdirməkdir.

Türkiyə mənbələri prezidentlərin bugünkü tarixi görüşünü belə adlandırırlar. “Türkmənbaşıda Türk zirvəsi”.

Sammitdə iştirak edən Türkiyə prezidenti Abdulla Gül elə belə də deyib ki, "bu görüş bütün türk dünyasının bayramıdır".

Beynəlxalq təhlilçilərin fikrincə isə, bugünkü sammiti türk ölkələrindən başqa, kənardan da diqqətlə izləyən xeyli maraqlı tərəf var. Onlar Azərbaycan və Türkmənistanın öz zəngin qaz ehtiyatlarından necə istifadə etmək niyyətində olduqlarını görmək istəyirlər.

Yəni bu ölkələr ixrac etdikləri qazlarını özləri satacaqlar, ya bu işi onların əvəzinə Rusiyanın «Qazprom» şirkətinin etməsinə imkan verəcəklər?

Ekspertlərin fikrincə, bu sualın cavabını bu gün Türkmənistanda başa çatan sammitin yekununda tapmaq olardı, əgər prezidentlər birgə bəyannamə imzalasaydılar.

Amma Türkmənbaşı limanı yaxınlığında bir araya gələn Əliyev, Gül və Berdimühəmmədov heç bir konkret sənəd imzalamayıblar. 2 saatlıq görüşdən sonra isə prezidentlər Xəzər sarayında üç ölkənin rəsmiləri və sənət xadimlərinin iştirakı ilə yemək mərasiminə qatılıblar.

Amma həm sammitdə, həm də ondan sonrakı bütün tədbirlərdə Türkiyənin enerji naziri Hilmi Gülərin tez-tez prezident Gülün yanında görünməsi, ekspertlərdə belə təəsürat yaradıb,bu, Aşqabad danışıqlarında əsas diqqətin Trans-Xəzər və Nabukko layihələri ilə qaz nəqlinə ayrıldığına sübutdur.

Daşına biləcək qazın qiyməti isə dollar hesabı ilə 10 milyardlarla ölçülür. Amma bu sammit hansı nəticələrlə yadda qaldı?

Prezidentlərin danışıqlarını Aşqabaddan izləyən “The Ekonomist” qəzetinin təhlilçisi, almaniyadan olan Elizabet Monar “Amerikanın səsi”nə deyib ki, Xəzərin bu tayındakı qazı Türkiyədən və Balkanlardan keçirməklə birbaşa Avropaya çıxardacaq Nabukko kəmərinin öz payına düşən hissəsini tikməyə əslində Azərbaycanla Türkiyənini imkanı və planı var - bu, Şahdəniz qazını Türkiyəyə çıxardacaq Bakı-Ərzurum kəməridir. Problem Türkmənistanındır ki, onun Xəzər üzərindən Azərbaycana gələn kəməri yoxdur.

Monar xatırladır ki, əslində belə kəməri Azərbaycanla Türkmənistan 10 il əvvəl tikmək istəyirdilər, sadəcə mərhum türkmənbaşının şübhələri buna imkan vermədi.

«Türkmənistandan Xəzərin dibi ilə Azərbaycana gələcək kəməri o vaxt Şell və bir də başqa şirkət tikməli idi. Ancaq 2000-ci ildə Şell bu layihədən kənara çəkildi. Çünki Niyazovla mübahisəyə baş qoşmaq istəmədi. Aşqabad müqavilənin şərtlərini dəyişdirmək istəyirdi və bu Qərb şirkətini qıcıqlandırdı. Bu hadisə həm də Türkmənistanla enerji əməkdaşlığında Qərbin ümidlərini sarsıtdı».

Təhlilçinin fikrincə, Azərbaycanla Türkmənistan Xəzərlə kəmər çəkməyə razı olsalar, beynəlxalq biznes buna maraq göstərəcək, Rusiya ilə İran isə həmişəki kimi qarşı çıxacaqlar. Amma ekspert hesab edir ki, Niyazovdan fərqli olaraq, Berdimühəmmədovun Moskvayı dinləyəcəyini də gözləmək olmaz.

İsveçdəki Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun eksperti Murad Esenov isə deyir ki, bütün təqsiri Azərbaycan-Türkmənistan əməkdaşlığında marağı olmayan Rusiyanın üstünə atmaq da olmaz. Belə ki Nabukkoda maraqlı olan Qərb investorlarının özündə də qəti əminlik yoxdur. O ki qaldı, Bakı-Aşqabad münasibətlərinə, ekspert deyir ki, bu siyasətdən daha çox siyasətçilərin problemi idi.

«İki ölkəni real olaraq bir-birindən ayrı salan o idi ki, Türkmənbaşı ilə Heydər Əliyev belə demək mümkünsə, bir-birini başa düşmək istəmirdilər. Indi isə vəziyyət dəyişib. İlham Əliyevlə Berdimühəmmədov yaxşı dil tapa bilirlər. Onların dialoqunu əlaqələndirmək üçün isə Qərb Abdulla Gülü həvəsləndirib. Bu, əladır».

Nabukkoya gəldikdə, Murad Esenov deyir ki, Aşqabadın başqa bir problemi öz qazını hamıya vəd etməsidir – həm Rusiya ilə Çinə, həm də Avropaya. Buna görə də liderlər indiki görüşlərində kəməri çəkməklə yanaşı onu necə dolduqmaq üzərində də baş sındırmalıdırlar.

Bütün bu suallarla yanaşı, ekspertlər bir məsələdə nikbindirklər ki, artıq işlər irəli getməyə başlayıb. Çünki həm Azərbaycan, həm də Türkmənistan Avropa Birliyinə müəyyən miqdarda qaz verməyə söz verib. Trans-Xəzər kəməri tikilsə və Türkmənistan Nabukkoya qoşulsa, Avropaya gedən Xəzər qazının miqdarı dəfələrlə artacaq.

XS
SM
MD
LG