Accessibility links

Andris Piebalqs: “Bəli, biz Rusiya ilə rəqibik”


Qərb agentlikləri Avopa Birliyinin Azərbaycan da daxil olmaqla bir neçə post-Sovet ölkəsi ilə münasibətlərinə dair yeni plan hazırladığını xəbər verirlər. Rəsmi olaraq, sabah açıqlanacağı gözlənilən planın bəzi müddəaları isə artıq informasiya agentliklərinə sızdırılıb.

Avropa Birliyi xeyli vaxtdır ki, post-Sovet ölkələrinin bu quruma inteqrasiyasını sürətləndirmək üçün strateji yol elan edib. Bu yol demokratik islahatlar və iqtisadi əməkdaşlığı hədəfləyir.

Amma bu həftə açıqlanacaq yeni əməkdaşlıq hesabatında isə Azərbaycan daxil olmaqla, altı sabiq sovet ölkəsinə iqtisadi inteqrasiya və siyasi islahatların detallı şəkildə təklif olunacağı bildirilir.

Assoşieyted Press agentliyinın yaydığı məlumata görə, Avropa Birliyi Azərbaycan, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan və Moldovanın Rusiyanın təsirindən uzaqlaşdırmağı özü üçün əsas prioritet elan edəcək.

Baxmayaraq ki, hesabatda bu ölkələrin İttifaqa üzvlüyünə dair heç nə deyilmir. Ancaq qeyd edilir ki, münasibətlərin növbəti mərhələyə qaldırılması, ölkələrin demokratiyaya doğru qənaətbəxş tərəqqisindən, qanunun aliliyi və insan hüquqları kimi meyarlardan asılı olacaq.

Hesabat bu ölkələrə İttifaqın yardımını 2020-ci ilə kimi üç dəfə artıraraq, 1.5 milyard avroya çatdırmağı da təklif edir. Avropa Komissiyası habelə xatırladır ki, Birlik enerji marşrutlarının diversifikasiyasına çalışacaq.Komissiya bu hesabatı dərc edəndən sonra ona Avropa liderləri yazda keçiriləcək zirvə görüşündə baxmalı və təsdiq etməlidirlər.

Əslində, Avropa rəsmiləri özləri də etiraf edirlər ki, Azərbaycan ona çatmaq üçün çox iş görməlidir və bu, bəlkə də onillərlə vaxt ala bilər. Amma Brüsseldə yeni əməkdaşlıq planını onunla izah edirlər ki, bu, Azərbaycan kimi ölkələrə yalnız şərait yaradır, Avropa isə onun əvəzindən iş görə bilməz.

Artıq Azərbaycanın Avropa Birliyi ilə Qonşuluq Siyasətini imzalamasından iki il keçir. Bu layihəni Azərbaycanla bir yerdə Gürcüstan və Ermənistan da imzalamışdı. Gürcüstanla Ermənistan artıq Birliyə azad ticarət zonasına daxil olmaq və siyasi islahatlar naminə yeni əməkdaşlıq planlarına başlamaq barədə müraciət ediblər. Azərbaycan bunu edə bilmir, çünki birincisi, Dünya Ticarət Təşkilatının üzvü deyil, ikincisi isə demokratik islahatlarını ləngidir.

2007-ci ildə Qonşuluq Siyasəti Proqramının necə yerinə yetirilməsi barədə hesabatda Azərbaycan insan haqları, söz azadlığı baxımından qonşularına nəzərən daha çox tənqid olunur. Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Frayzer Amerikanın səsinə müsahibəsində deyib ki, yeni plan həm Azərbaycanı, həm də Avropanı ciddi seçimlər qarşısında qoyur.

«Biz bilirik ki, Azərbaycan demokratiya və söz azadlığı ilə bağlı çox iş görməlidir. Amma Avropa da öz iqtisadi imkanları ilə siyasi hədəflərini uzlaşdırmalıdır. Məncə yeni mərhələ hər iki tərəf üçün çətin olacaq. Amma məsələn Azərbaycan əvvəlki qaydada öhdəliklərinə etinasız yanaşsa, Avropa nə edəcək? Yenə də energidən bəhs edəcək, yoxsa sanksiyalar tətbiq edəcək? Hesabat bu suallara aydınlıq gətirməlidir. Mən inanmıram ki sanksiya olacaq”.

Amma Avropa Birliyinin rəsmiləri də bütün hallarda bəyan edirlər ki, onlar məsələn, «Nabucco»nun reallaşmasını istəyirlər. Bu layihə reallaşsa, Azərbaycan öz neft və qazı başa çatandan sonra belə regionda tranzit əhəmiyyətini saxlayacaq, bu isə ölkənin təhlükəsizliyinə daha çox təminat deməkdir.

Siyasi islahatlara gəldikdə, birliyin enerji məsələləri üzrə komissarı Andris Piebalqs bunu regional inkişafın əsas elementi sayır. Amma o, Avropanın prioritetləri arasında hansısa seçim etməyin, konkret birinə üstünlük verməyin də əleyhinədir. Amerikanın səsinə müsahibəsində cənab Piebalqs birliyin regionda siyasi və iqtisadi maraqları ugrunda Rusiya ilə qarşıdurma əhval-ruhiyyəsində yox, məs Moskvaya rəqib olduğunu vurğulayıb.

«Məncə bunu Rusiya və Qazprom əleyhinə siyasi aksiya kimi təqdim etmək düz olmazdı. Əlbəttə, başa düşürəm ki, bu məsələdə rəqabət olduqca mürəkkəbdir. Amma nəzərə alın ki, hazırda Avropa Birliyi ilə Azərbaycan arasında ümumi sərhəd yoxdur. Yəni ilk növbədə tranzit və iqtisadi islahatlar məsələsini həll etmək lazımdır ki, qazı Avropa Birliyinə nəql etmək mümkün olsun. O ki qaldı regional müstəvidə əməkdaşlığa, mən açıq deyirəm, bəli, biz Rusiya ilə rəqiblərik. Çünki Rusiya da qazla maraqlıdır və biz beləliklə rəqabət aparırıq. Bu gün qazın həcmi məhduddur. Düşünürəm ki, bizim təkliflərdə bəzi zəifliklər var, amma müəyyən pozitiv addımlar da var”.

Avropa Birliyinin rəsmisi sonda dönə-dönə vurğulayıb ki, bazar iqtisadiyyatının hökm sürdüyü Avropa Birliyində energetika siyasətlə bağlı deyil, hərçənd bunlar bir-birini kənarlaşdırmır da.

XS
SM
MD
LG