NATO-nun xarici işlər nazirləri Rusiyanın qəti etirazına baxmayaraq, Birləşmiş Ştatların Mərkəzi Avropada raketlərdən müdafiə sistemi yerləşdirməsi planını dəstəkləyib. Alyansın 26 üzvünün Brüsseldə keçirdiyi yığıncağında bu gün açıqlanan bəyanatda Polşada 10 raket tutan qurğu, Çex Respublikasında isə istiqamətləndirici radar yerləşdiriləcəyi bildirilib. Bəyanatda raket qalxanının qərb dövlətlərini uzun-mənzilli ballistik raketlərdən müdafiə etmək istiqamətində çox mühüm bir addım olduğu deyilir. Rusiya isə sistemin onun təhlükəsizliyinə hədə olduğunu deyir.