İran Türkmənistanla enerji əməkdaşlığı istiqamətində yüksək səviyyəli danışıqlara hazırlaşır. Bu barədə İranın Aşqabaddakı səfiri Məhəmməd Rza Furqani Mehr xəbər agentliyinə bildirib.O deyib ki, danışıqların gündəliyinə əsasən iki məsələ - İranın Türmənistandan aldığı qazın yeni tariflərinin müəyyənləşdirilməsi və Xəzərin statusu istiqamətində iki ölkənin mövqelərini uzlaşdırmaq olacaq. Səfir deyib ki, İran bu proseslərdə fəal diskussiyalara hazırdır.
Hazırda İranla Türkmənistan arasında 1,8 milyard dollarlıq ticarət dövriyyəsinin 1,4 milyardı Türkmənistandan idxal edilən qaz və neft hesabınadır. İran isə əvəzində Aşqabada 400 milyon dollar dəyərində ərzaq məhsulları ixrac edir.
Bir sıra ekspertlər İranın Türkmənistanla Xəzərdə enerji dialoqlarını bərpa etməsinin Mərkəzi Asiya qazının Avropaya nəqli istiqamətində son beynəlxalq səylərə təhlükə yarada biləcəyindən ehtiyatlanırlar. “Amerikanın səsi”nə müsahibə verən Azərbaycanın Prezident Aparatınını sabiq sektor müdiri, politoloq Rüstəm Məmmədov Xəzərdə enerji rəqabətinin son vəziyyətini şərh edib:
Sual: Xəzərin enerji resurslarının nəqli və dənizin statusu məsələsində Azərbaycanla İranın yaxınlaşdığı barədə xəbərlərin yayıldığı bir zamanda, İran da bu prosesə fəal şəkildə qoşulduğunu bəyan edib. Tehran-Aşqabad enerji dialoqlarının bərpası nələr vəd edir?Cavab: 2001-ci ildən başlayaraq Xəzər dənizi regionunda 3+1 formatında danışıqlar gedir. Yəni 3 dövlət – Rusiya, Qazağıstan və Azərbaycan bir mövqedə dayanıb, Türkmənistan bir başqa mövqedə, İran isə tamamilə fərqli mövqedə dayanıb. Yəni danışıqlar bu formatda neçə illərdir ki davam edir və bu da özü özlüyündə Xəzər dənizinin statusu üzrə konvensiyanın qəbul olunmasına böyük maneçilik törədir. Bu günə qədər bu məsələdə bir yenilik yox idi. Amma Azərbaycanla Türkmənistan arasında son danışıqlar ondan xəbər verir ki, Aşqabad öz mövqeyində çox ciddi dəyişiklik etmək fikrindədir və bilavasitə türkmən qazının Avropaya istiqamətlənməsində maraqlıdır. Bu isə yeni bir situasiya yaratdı və bu situasiyaya görə format 4+1 formatına çevrilə bilər. Bu isə əslində Xəzərin statusununun müəyyənləşməsində çox böyük şans yaradır. Çünki İranın dənizdəki mövcud payı və onun statusu hələ 1940-cı ildə İranla o vaxtki SSRİ araslnda müəyyənləşdirilib. Ancaq bu 4 dövlət Sovetdən qalma paylarını öz aralarında bölməklə yeni statusa rəvac verilə bilərdi. 2002-ci ildə prezident Putin bunu təklif etmişdi ancaq o zaman İranın etirazları və o zamankı İran prezidentinin Moskvaya səfərindən sonra mövqeyindən çəkildi. Bu gün isə bu məsələ yenidən gündəmdə durur. İran isə öz növbəsində Qərblə yeni danışıqlar aparmaq niyyətini gizlətmir. Eyni zamanda Amerikanı qıcıqlandırmaq naminə Rusiya ilə münabisibətlərini gücləndirir. Bunları deməkdə məqsədim odur ki, İran bu gün özünə yol yolçusu axtarır və buna görə də Tehranın hazırkı məramı kifayət qədər qəlizdir. Yəni əgər İran ABŞ-la dil tapa bilmirsə, Türkmənistanı maksimum dərəcədə təsiri altında saxlamağa çalışacaq. Son 15 il ərzində bu iki dövlət arasında 70-dən artıq rəsmi görüş olub və bu görüşlər nəticəsində İran Aşqabada kifayət qədər maddi yardım edib, kreditlər verib və sair və ilaxır. Buna görə də hazırda İran Türkmənistana müəyyən təsir gücünə malikdir. Lakin digər tərəfdən Türkmənistanın bugünkü məramı tələb edir ki ABŞ-ın qəbul etdiyi strateji layihəyə uyğun olaraq, xəzəryanı dövlətlərin əməkdaşlığına rəvac versin. Bu gün Türkmənistanın Azərbaycanla danışıqlarının da real imkanları bununla ölçülür.
Sual: İran həbelə Türmənistandan yüksək qiymətlərlə və daha artıq həcmdə qaz almaq əzmində olduğunu bəyan edib. Ancaq Aşqabad həm də Qərbə, Rusiyaya, hətta Çinə də qaz vəd edib. İran Tükrmənistanın razılığını ala bilsə, bunun Nabukko layihəsinə hansı təsirləri olacaq?Cavab: Əlbəttə bu, təsirsiz qalmayacaq. Artıq mövcud qaz kəməri ilə İrana qazın verilməsi – özü də dünya bazarı qiymətləri ilə - bu, Türkmənistanı Nabukkodan yayındıra bilər və digər tərəfdən isə ümumiyyətlə, yaxın gələcəkdə proseslərin başqa istiqamətdə gedəcəyinə rəvac verə bilər.
Sual: İranın məqsədi budurmu?Cavab: Əgər biz köhnə təcrübəni nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, İran birmənalı sürətdə Türkmənistanı yolundan çıxarmağa çalışır...