Accessibility links

İranda 'Tələbə günü' etiraz aksiyaları ilə müşayiət olunur


Tehran Universiteti tələblələri etiraz aksiyası keçirib. Aksiya zamanı hökümət əleyhinə şüarlar səsləndirilib. İranın “Fars” Xəbər Agentiyinin məlumatına görə, “Tələbə günü” münasibəti ilə keçirilən etiraz aksiyası Tehran Universitetinin Texnologiya Fakültəsindən başlayıb. “Təhkime Vəhdət Tələbə Birliyi”nin təşəbbüsü ilə keçirilən aksiya zamanı universitetin içərisində toplaşan etirazçılar “Diktaturaya son!”, “ Biz Azadlıq istəyirik!” kimi şüarlar səsləndirərək, universitetin giriş qapılarına doğru irəliləyiblər.
Mənbənin bildirdiyinə görə, universitetin darvazalarını sındıran tələbələr, universitetin qarşısında toplaşan etirazçılarla birləşərək, aksıyalarını şəhər küçələrində davam etdirməyə cəhd göstəriblər.

“Fars” Xəbər Agentiyi bildirir ki, “radikal elementlərin” qapıları sındırdıqdan sonra küçələrə axışmaq cəhdinin qarşısını “başqa tələbə grupları” alıblar və nəticədə bir sıra toqquşmalar baş verib. Geri dönməyə məcbur olan tələbələr Texnologiya Fakültəsində mitinq keçiriblər. Rəsmi mənbələr mitinqdə çıxış edən bəzi tələbə fəalarının radikal hərəkətlərə çağırdığını iddia edib.

“Fars” Xəbər Agentliyi mitinqdə çıxış edən bəzi tələbə fəallarını ölkədə “etnik qarşıdurma yaratmaq cəhdində” ittiham edib. Başqa mənbələrin məlumatına görə, mitinqi öz çıxışı ilə açan tələbə fəallarından Mehdi Ərəbşahi, İranda Azərbaycan türklərinə və başqa milli azlıqlara qarşı ayrı-seçkiliklərə son qoyulmasını tələb edib. O, tələbə fəallarına və universitet müəllimlərinə qarşı təqib və təzyiqlərin dayandırılmasına çağırıb.

Müxtlif mənbələr “Tələbə Günü” münasibəti ilə Həmədanın Əbu Əli Sina Universitetində keçirilən dinc etirazların da polisin müdaxiləsi ilə dağıdıldığını bildiririblər. Yayılan xəbərlərə görə, polis etiraz aksiyalarını dağıtmaq məqsədi ilə göz yaşardıcı gazdan istifadə edib. Etirazlar zamanı həbs olunanlar və ya bədən xəsarəti alanların olması barədə məlumat yoxdur.

Bu arada, İranın ali rəhbəri Əli Xamneinin “ Tələbə Günü” münasibəti ilə Həmədan Universiteti və Tehranın Elm -Sənət Universitetində əvvəlcədən planlaşdırılmış çıxışları ləğv edilib. Bundan öncə İran ali rəhbərinin ofisindən bildirilmişdi ki, düşmənlərin “Tələbə Günü”ndən sui istifadə cəhdlərinin qarşısını almaq məqsədi ilə İranın ali rəhbəri şəxsən tələbə tədbirlərinə qatılacaq. Bundan başqa, İranın keçmiş prezidenti Məhəmməd Xatəminin Tehran Universitetində bazar gününə planlaşdırılmış çıxışı da bir sıra səbəblərə görə ləğv edilib.

Yada salaq ki, 16 Azər (6 Dekabr) İranda Tələbə Günü kimi qeyd edilir. 1954-cü ildə Tehran Universitetində o vaxtkı Şah rejiminə qarşı etiraz aksiyaları keçirilmişdi. Aksiyanın yatırılması zamanı, Əhməd Qəndçi, Azər Rəzəvi və Mustafa Bozorgniya adlı 3 tələbə fəalı həlak olmuşdu. Həmin gün diktaturaya qarşı tələbələrin müqavimət günü-“Tələbə Günü” kimi qeyd edilir.
XS
SM
MD
LG