Accessibility links

Cəsur Sümərinli: `Rusiya Azərbaycanın nəbzini yoxlayır`


“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli hesab edir ki, Rusiya müdafiə naziri Anatoli Serdyukovun həftə sonu Azərbaycana etdiyi qəfil səfərində məqsəd Bakının “nəbzini yoxlamaq” olub. Cənab Sümərinli “Amerikanın Səsi”nə bunları deyib:

“Anatoli Serdyukovun Bakıya son səfəri olduqca məxfi şəkildə həyata keçirildi. Bu səfər çərçivəsində imzalanmış sənəd də əslində, bu tip səfərlər üçün azdır .Yəni Azərbaycanla Rusiya hərbi qurumlarının illik hərbi-texniki əməkdaşlığı barədə sazişlər əslində hər il imzalanır.

Ancaq doğrudan da Serdyukovun Bakıya səfər edəcəyi barədə nə Rusiya, nə də Azərbaycan mətbuatına heç bir məlumat sızdırılmamışdı. Mənə elə gəlir ki, bu qəfil səfəri zəruri edən amillər mövcud olub. Bu, ilk növbədə Cənubi Qafqazdakı vəziyyətlə əlaqədardır. Xüsusilə də Gürcüstan müharibəsindən sonrakı vəziyyət və eləcə də son zamanlar Azərbaycanla ABŞ arasındakı hərbi münasibətlərin intensivləşməsi Moskvanın diqqət mərkəzindədir.

Buna görə də, Serdyukov Bakıya Azərbaycan rəhbərliyinin, necə deyərlər, nəbzini yoxlamağa gəlib. Yəni bilmək istəyirdi ki, Azərbaycan kimin yanındadır: həqiqətən də balanslı siyasi kursuna sadiqdir, yoxsa Qərbə meyllənib?”.

Cənab Sümərinli habelə ehtimal edir ki, Rusiyanın baş hərbçisinin Bakıya budəfəki səfəri zamanı Moskvanın Xəzər dənizində birgə hərbi birləşmələr yaratmaq ideyası və eləcə də 2012-ci ildə icarə müddəti bitəcək Qəbələ RLS-in taleyi də Azərbaycan tərəfi ilə ciddi müzakirə olunub.

XS
SM
MD
LG