BMT-nin baş katibi Ban Ki-Mun İsrail və Fələstinin silahlı qrupu olan Həmas təşkilatından zorakılıqları dərhal dayandırmağı tələb edib.
Nyu-Yorkda keçirilən mətbuat konfransında cənab Ban Ki-Mun söyləyib ki, Qəzzadakı zorakılıq qəbuledilməzdir. O , həmçinin beynəlxalq içtimaiyyəti tənqid edərək bildirmişdir ki,dünya liderleri tərəfləri dialoqa həvəsləndirməli və konfliktin həlli üçün daha çox səy göstərməlidirlər.
Cənab Ban deyir ki, İsrail liderləri humanitar yardımın Qəzzaya daxil olmasına icazə verəcəkləri haqda ona zəmanət veriblər. O, bu cür əməkdaşlığın davam etməsinə çağırıb.
Bu arada Rusiya Xarici İşlər naziri Sergey Lavrov Həması Fələstin prezidenti Mahmud Abbasın Fatah fraksiyası ilə danışıqlar aparmaqdan imtina etdiyinə görə tənqid edib. O, deyib ki, Həmas cənab Mahmud Abbasın Fələstin xalqının lideri olaraq səlahiyyətini qəbul etməlidir.