Dekabrın 30-u Amerikada yaşayan
20-yə yaxın azərbaycanlı
ABŞ-ın paytaxtında etiraz aksiyası keçirib. Azərbaycanda prezidentin 2 dəfədən çox
seçilməsini nəzərdə tutan Konstitusiya dəyişikliyinə etiraz edən nümayişçilər Azərbaycanın
ABŞ-dakı səfirliyi qarşısında toplaşıblar. Azərbaycan bayraqları dalğalandıran
etirazçılar “Rəsulzadə respublikası yaşayacaq!”, “Rədd
olsun monarxiya!”, “Daimi prezidentliyə yox!”, “Yaşasın Respublika!” kimi şüarlar səsləndiriblər.
Təxminən 2 saat davam edən aksiyanın
sonunda qətnamə oxunaraq, səfriliyə təqdim olunub. Nümayişi təşkil edən “AZAD”
(Azerbaijani-Americans for Democracy) təşəbbüs qrupunun həmtəsisçilərindən biri
Elmar Şahtaxtinski Amerikanın Səsinə deyib ki, aksiyada toplaşanlar ABŞ-da
yaşayan azərbaycanlılar və Azərbaycanın dostlarıdır. Onun sözlərinə görə, aksiyanın yeganə məqsədi
planlaşdırılmış konstitusiya dəyişikliyinə etiraz etməkdir.