Təbrizdəki mənbələrin verdiyi məlumatlara görə, İran İslam İnqılabı
Məhkəmələri daha bir grup azərbaycanlı fəal haqda həbs qərarları verib.
Təbrizin Baş İslam İnqılabı Məhkəməsi azərbaycanlı fəal Əli Rubaini
18 ay müddətinə azadlıqdan məhrum edib. Əli Rubai 2006-cı ilin May Üsyanları
zamanı həbs olunmuşdu. İlkin məhkəmə onu 18 ay müddətinə azadlıqdan şərti
məhrum etmə cəzasına məhkum etmişdi. Qərara etiraz edən fəalın işinə yuxarı məhkəmə
sayılan Təbrizin Baş İslam İnqılabı Məhkəməsi baxıb. İşə yenidən baxılması zamanı yuxarı məhkəmə azərbaycanlı fəal haqda gözlənilməz olaraq 18
ay azadlıqdan məhrum etmə qərarı çıxararaq cənab Rubaini məhkəmə iclasından birbaşa
həbsxanaya göndərib. Məhkəmənin qərarının qəti olduğu və bu rəyə etiraz hüququnun verilmədiyi
bildirilib.
Qərbi Azərbaycan Vilayətinin Makı şəhərində isə İslam İnqılabı Məhkəməsi “Milli təhlükəsizliyi pozmağa cəhdi”ndə
ittiham olunan bir qrup azərbaycanlı fəal haqda qərar çıxarıb. Makının İslam
İnqılabı Məhkəməsinin qərarına görə, 22 yaşlı fəal İbrahim Abdullanəjad 1 il
müddətinə azadlıqdan məhrum edilib, 35 yaşlı
fəal Əli Helmi isə 1 il şərti
həbsə məhkum edilib.
Əli Hüseynnəjad və Mohsün Hüseynzadə 10 ay müddətinə azadlıqdan məhrum
ediliblər. Məhkəmənin qərarına görə, bu iki şəxsin haqqında verilmiş həbs
cəzaları 500 min tümən pul cərimələri ilə əvəzlənib.
Bundan öncə Makının İslam İnqılabı Məhkəməsi Sabir Beytullahi və
Bəhmən Nəsirzadə adlı iki fəalı 1 il həbsə məhkum etmişdi.
Barələrində qərar çıxarılan azərbaycanlı fəallar 2006-cı ilin May
Üsyanları zamanı həbs olunaraq, təxminən
bir ay qapalı təcridxanalarda saxlanmış daha sonra isə hər biri 50 milyon tümən
girov qoymaqla zaminə buraxılmışdılar.