Azərbaycanın qeyri-hökumət təşkilatı olan Azad İqtisadiyyata Yardım Mərkəzi 4 dövlət qurumunu informasiya sorğularını cavablandırmadığına görə məhkəməyə verib.
Mərkəzin rəhbəri, iqtisadçı Zöhrab İsmayılov “Amerikanın səsi” radiosuna deyib ki, bu problem Azərbaycanda ildən ilə kəskinləşir:
“Hələ indiyə qədər elə bir dövlər orqanı olmayıb ki, sorğularımıza tam cavab versin. Dövlət orqanlarının öz fəaliyyətilə bağlı məlumatları ictimaiyyətdən saxlaması bizim dərin araşdırmalar aparmağımıza da mane olur. Belə görünür ki, məqsədləri də elə budur. Onlar müstəqil monitorinqlərə mane olmaq istəyirlər”.
Məhkəməyə verilən qurumlar bunlardır: Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), Mərkəzi Seçki Komissiyası (MSK), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi.
İddiaçı təşkilat Dövlət Neft Şirkətindən qurumun ötən ilki xərcləri üzrə ictimai xarakterli məlumatları, MSK-dan isə bu təşkilatın sifariçşiliyi ilə Komissiya üçün yeni tikilən binanın layihəsi üzrə xərcləmələr barədə məlumat istəyib.
ARDNŞ müraciəti rədd edərək, bildirib ki, informasiya vermək haqqında qanun bu şirkətə şamil olunmur. Mərkəz rəhbəri isə bu arqumentlə razılaşmır, belə ki, ARDNŞ dövlət şirkətidir və qanunlar da hamıya aidiir.
MSK da sorğunu rədd edib. Digər iki nazirlik isə müraciətləri yarımçıq cavablandırıb. Amma Z. İsmayılov deyib ki, cavablar mərkəzin məhkəməyə müraciətindən sonra göndərilib.
Mərkəz rəhbəri onu da vurğulayır ki, sorğuların gecikdirilməsi qeyri hökumət qurumlarının fəaliyyətində əngəllər yaradır.
“Dövlət orqanları zaman-zaman jurnalistlərə və QHT-lərə təlqin etmək istəyirlər ki, informasiya vermək barədə qanun guya ki, səhvən qəbul olunub və bunun tələblərindən əl çəkin,” deyə Zöhrab İsmayılov bildirib.