Accessibility links

İranda daha bir tələbə jurnalı bağlanıb


İrandakı bir sıra mənbələrin yaydığı məlumata görə, İranın mərkəzində yerləşən Yəzd şəhəri universitetində nəşr edilən “Xələc” tələbə jurnalının nəşrinə qadağa qoyulub. Bu barədə jurnal rəhbərliyinə universitetin Mədəniyyət İdarəsi tərəfindən bildirilib. Yalnız 2 sayı işıq üzü görən Xələc Jurnalının nəşrindən dərhal sonra Yəzd Universitetinin İslami Birliyi “Misaq” adlı jurnal buraxaraq “Xələc” jurnalına qarşı kəskin ittihamlar səsləndirib. Tehran hakimiyyətinə yaxınlığı ilə seçilən “Misaq” jurnalı “Xələc”in yazarlarını “Pantürkism” və “separatçılığı” təbliğ etməkdə və “İran dövlətçiliyinə qarşı əks təbliğatda” ittiham edib. Misaq jurnalının nəşrindən sonra isə Xələc jurnalının nəşrinə qadağa qoyulması barədə qərar qəbul edilib. Bununla yanaşı Yəzd Universitetində təhsil alan Azərbaycan türkləri və başqa türk kökənli tələbələrə qarşı ağır təzyiqlərə başlandığı da bildirilir.

Azərbaycan, Xələc, Əfşar, Qaşqay türkləri və başqa türk kökənli azlıqların Yəzd universitetində təhsil alan nümayəndələri tərəfindən nəşr edilən “Xələc” jurnalının son sayında “Məşrutə Hərəkatı”, “İranda İrqçilik və Ariyaçılıq” , “Hindistanda qurulmuş Xələc-Babur İmperiyası” və professor Cavad Heyətin qələmə aldığı “21 Azər Azərbaycana qarşı mədəni soyqırım günü” kimi məqalələrə yer verilmişdi.

İranın Azərbaycan vilayətlərindən başqa bu ölkənin mərkəzi və cənub vilayətlərində, o cümlədən, Fars-Şiraz, İsfahan, Ərak, Yəzd, Loristan, Çarmahal Baxtiyari, Kirman və Xuzistan kimi viləyətlərində sayı bir neçə milyonla ölçülən türk tayfaları yaşayırlar.
XS
SM
MD
LG