Accessibility links

Ömər Engin Lütəm  `Niyə yalnız türklər ermənilərdən üzr istəməlidir?`


Türkiyədə bir qrup alimin birinci dünya müharibəsi illərində ermənilərin iddia olunan soyqırımı üçün üzr istəmə kampaniyasına başlaması ciddi ictimai tənqidə səbəb olub.

Ankarada yerləşən Cümhuriyyət Baş Prokurorluğu ictimaiyyət nümayəndələrinin müraciəti ilə internet kampaniyası ilə əlaqədar təhqiqata başlayıb.

Türkiyə cəmiyyətinin ən böyük yasağını pozan bu kampaniya ilə əlaqədar Ankaradakı Erməni Araşdırmalar Mərkəzinin rəhbəri, istefada olan Türk diplomatı Ömər Engin Lütəm “Amerikanın səsi”nə aşağıdakıları deyib:

“Bu kampaniya Türkiyədə olduqca az sayda insan tərəfindən dəstəklənir. Daha doğrusu, bu müraciət 4 nəfər tərəfindən təşkil olunub və sonra da ora 200 adam imza atıb. Daha sonra isə onu internetdə yerləşdirblər və səs toplayırlar...

Bu, olduqca mənasız kampaniyadır. Orada ermənilərdən fərdi qaydada üzr istənilir. Çünki müasir dünyada yaşayan bu adamların 1915-ci il hadisələri ilə ən azından, yaş baxımından bir əlaqəsi yoxdur.

Digər tərəfdən, bu kampaniya birtərəfli aparılır. Ermənilərin türklərə və azərbaycanlılara etdikləri barədə orada heç bir məlumat verilmir. Nədən yalnız türklər ermənilərdən üzr istəməlidirlər?..

Buna görə də kampaniya Türkiyədə böyük rezonans doğurdu. İnternetdə buna cavab olaraq alternativ müraciətlər yayıldı. Belə kampaniyalardan biri də “ermənilərdən üzr gözləyirəm!” adlanır. Bu günə qədər “üzr istəyirəm!” kampaniyasına 26 minə yaxın adamın səs verdiyi bildirilirsə, ona müxalif kampaniyalara ümumilikdə 600-700 min insan qoşulub...

Məncə, bu kampaniyada bir məqsəd var. Türkiyəyə uydurma soyqırımı tanıtmaq istəyənlər, indi bunu bacara bilmədiklərini anlayıb soyqırım sözündən daha yumşaq bir ifadə taparaq, üzr istəmək adı altında bundan ilk addım kimi istifadə etmək istəyirlər. Yəni belə bir gözləntiləri var idi ki, çox sayda adam üzr diləsə, bir müddət sonra bu üzr diləyənlər uydurma soyqırımı da tanıya bilərlər...

Bu aksiya son zamanlar Türkiyə-Ermənistan münasibətlərində nəzərə çarpan yumşalmaya mənfi təsir göstərir. Çünki ötən il prezident Gülün Yerevana səfərindən sonra Türkiyədə ermənilərə münasibət bir qədər yumşalmışdı. Amma indi bir qrup insan üzr kampaniyasını ortaya ataraq ondan yararlanmaq istəyir. Əgər bu aksiyanı bir il əvvəl həyata keçirsəydilər, onu dəstəkləyənlər indikindən də az olardı. Əgər indi aksiyanı dəstəkləyənlərin sayı çox olsaydı, Ermənistanın Türkiyəyə qarşı mövqeyində sərtləşmə müşahidə oluna bilərdi”.

XS
SM
MD
LG