Accessibility links

Azər Mehdiyev: 'Azərbaycanda gəlirlərin indeksləşdirilməsi həyata keçirilməlidir'


Bu həftə “İqtiasdiyyat və Biznes” proqramımızın qonağı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyevdir. Onunla Azərbaycanın Avropa Sosial Xartiyası qarşısında tələblərini və Azərbaycanın 2009-cu il Dövlət Büdcəsini müzakirə etmişik. Müsahibəni sizə təqdim edirik.

Sual: Azərbaycan neçə illərdir Avropa Sosial Xartiyasına qoşulub. Azərbaycan Sosial Xartiyanın tələblərini yerinə yetirirmi?

Cavab: Azərbaycan Sosial Xartiyaya qoşulsa da, Xartiyanın ən mühüm elementlərindən biri olan hər kəsin yaşayış sahəsi ilə təmin edilməsi maddəsi ümumiyyətlə təsdiq olunmayıb və ölkə bu maddəyə qoşulmayıb. Azərbaycanda hələ də həm daimi minimum ehtiyacların qarşılanması ilə bağlı gəlirlərin ümumi yaşayış miqyasına uyğunlaşdırılması məsələsində həm də əhalinin sosial iqtisadi hüquqlarının tanınmasına dair bir sıra məsələlərdə problemlərin olduğunu söyləyə bilərik.

Sual: Sosial Xartiyanın tələblərindən biri də ölkədəki qiymətlərin əhalinin əmək haqqına uyğun olması ilə bağlıdır. Bu sahədə vəziyyət necədir?

Cavab: Əslində Azərbaycanda qanun qəbul olunub ki, ölkədə qiymət qalxma səviyyəsinə uyğun olaraq gəlirlərin indeksləşdirilməsi həyata keçirilməlidir. Bizdə movcud qanuna görə, hər rüb qiymətlərə uyğun olaraq gəlirlərin uyğunlaşdırılması prosesi həyata keçirilməlidir. Digər tərəfdən isə orta-aylıq əmək haqqının səviyyəsinin minimum istehlak büdcəsi ilə müqayisəsini apardıqda əhalinin böyük əksəriyyətinin gəlirlərinin minimum istehlak büdcəsindən xeyli aşağı olduğunu görürük.

Sual: 2009-cu ildə vəziyyət necə olacaq? Dünyada davam edən maliyyə böhranı fonunda əhalinin sosial vəziyyəti sahəsində hansı dəyişikliklərin olacağı gözlənilir?

Cavab: Ümumiyyətlə, son illər Azərbaycanda dövlət büdcəsinin gəlir imkanları böyük neft gəlirlərilə əlaqədar olaraq artır. Dövlət hər il büdcə təşkilatlarında çalışanların əmək haqqının orta hesabla 20-25 faiz artımını həyata keçirir. Eyni zamanda pensiyaların, müavinətlərin və təqaüdlərin təqribən oxşar qaydada artırılması müşahidə olunur. 2009-cu ilin büdcəsində də təqribəm eyni artımlar nəzərdə tutulub. Təbii ki, iqtisadi böhranın dərinləşməsi və Azərbaycan iqtisadiyyatına daha dərindən təsir göstərməsi halında hökumətin hansı addımlar atacağı qeyri-müəyyən olaraq qalır. Ona görə ki, nə Azərbaycan Dövlət Büdcəsinin tərtibi zamanı nə də həmin büdcənin Milli Məclisdə müzakirəsi zamanı böhranın dərinləşəcəyi təqdirdə və büdcəyə gəlir imkanlarının məhdudlaşacağı bir şəraitdə hökumətin hansısa addımlar atması məsələsi barədə söhbət belə getməyib. Hökumət sadəcə olaraq büdcədə nəzərdə tutulan vəziyyətin tam reallaşdırılacağı ümidi ilə belə bir büdcəni təsdiqləyib. Hər halda hökumətin atacağı xüsusi addımlar barədə danışmaq mümkün deyil, çünki hökumət özü bu istiqamətdə hər hansı bir gündəlik və ya tədbirlər planı təsdiq etməyib. Belə görünür, hökumət yalnız may-iyun aylarında büdcəyə yenidən baxılarkən, imkanlarını yenidən qiymətləndirərək bu barədə qərar verəcək.

Sual: Azərbaycan prezidenti İlham Əliyevin platformasında qeyd edilirdi ki, 2009-cu il yəni yeni prezident dövrü yeni sosial siyasətin başlanğıcı olacaq. Bu sosial siyasət nədən ibarət ola bilər?

Cavab: 2009-cu ilin başlamasına rəğmən sosial sahədə hökumətin yalnız pensiya sığorta sistemində həyata keçirəcəyi tədbirlərlə bağlı proqram sənədi təsdiq olunub. Digər sahələrdə isə hökumətin hər hansı bir yeni siyasət həyata keçirməsi ilə bağlı elə bir ciddi proqram sənədi təsdiq olunmayıb və ölkədə ən ciddi iqtisadi sənəd olan Dövlət Büdcəsinin qəbul olunması zamanı da əvvəlki illərdən fərqli yeni yanaşma özünü göstərməyib.

XS
SM
MD
LG