Rusiyanın rəsmi dairələri bu ölkənin Ermənistana böyük həcmdə silah-sursat ötürməsi barədə məlumatları inkar edirlər. Azərbaycan tərəfi isə iddialarının konkret faktlara əsaslandığını bildirir. Beləliklə iki ölkə arasında artıq bir həftədir ki, davam edən silah qalmaqalı indi gərgin həddə yetişib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov məsələyə münasibətini belə açıqlayıb: “Biz Azərbaycan mətbuatında konkret şəxsin imzası olan müəyyən sənədin dərcinə fikir vermişik. Burada guya ki, yaxın vaxtlarda Ermənistana ötürülmüş nəhəng sayda silah-sursatın siyahısı əks olunur. Bu işlə bağlı Rusiya silahlı qüvvələrinin baş qərərgahı ilə birgə təhqiqat aparmışıq.
Azərbaycan mətbuatında adı çəkilən şəxs heç bir sənədlər imzalamayıb, keçən il Ermənistana da heç bir ötürmələr olmayıb. Biz Azərbaycandakı həmkarlarımızdan bu sənədin surətini təqdim etməyi xahiş etmişik. Çünki bizim araşdırmalarımıza görə, bu sənəd ümumiyyətlə, yoxdur. Surət təqdim olunsa, bəlkə onda qrafoloji ekspertiza apara bilərdik".
Sergey Lavrov deyib ki, “sirr deyil ki, Rusiyanın həm Azərbaycanı, həm də Ermənistanla hərbi-texniki əməkdaşlıq proqramı var və Bakıdan fərqli olaraq, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Buradakı üzv ölkələr üçün isə daha güzəştli şərtlər var”.
“Bizim azərbaycanlı dostlarımız bunu çox gözəl bilirlər və Rusiyanın Ermənistanla, elə Azərbaycanla da hərbi-texniki əməkdaşlıq etməsi heç kəsdə təəccüb doğurmur”, - deyə Rusiyanın xarici işlər naziri vurğulayıb.
Yanvarın 15-də Azərbaycan XİN xüsusi bəyanatla çıxış edərək, Azərbaycanla münaqişə aparan tərəfə silah verilməsinə görə narahatlığını elan etmişdi. Nazirlik hesab edir ki, bu məsələylə bağlı aparılan araşdırma "silah-sursat ötürülməsinin həqiqətən də baş verdiyi qənaətinə gəlmək üçün yetərli əsas verir".
Öz növbəsində Rusiyanın müdafiə nazirliyində də Ermənistana silah bağışlanması faktını artıq təkzib edirlər. Bu xəbərləri əvvəlcə təsdiqləyən Nazirlik təmsilçisinin də artıq cəzalandırıldığı bildirilir.
Lakin diqqəti çəkən odur ki, Azərbaycan mətbuatında silah ötürülməsilə bağlı dərc olunan protokol sənədində konkret ad və siyahı var. Bakıda hesab edirlər ki, üzə çıxan bu sənəd Moskvanın Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik səylərini heçə endirə bilər.
Müstəqil politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəriElxan Şahinoğlu hesab edir ki, Azərbaycan tərəfinin əldə etdiyi sənəd Rusiyanın Ermənistana 800 milyon dollar silah ötürməsi faktının rəsmi Bakıda heç bir şübhə doğurmadığı anlamına gəlir. Nazirliyin bəyanatı da o mənada əhəmiyyətlidir ki, artıq Rusiyanın izahatını gözləməyə ehtiyac yoxdur. Onsuz da bəllidir ki, Moskva 1997-ci ildə baş vermiş oxşar silah qalmaqalı kimi, bu dəfə də “araşdırma işini” uzatmağa çalışacaq. Halbuki, həmən vaxt da söhbət Rusiyanın 1 milyon dollarlıq silah sursatı Ermənistana ötürməsindən gedirdi.
Amma Şahinoğluna görə, son hadisələr Bakı üçün daha bir vacib məqamı ortaya qoydu ki, bu da Rusiyanın üzərinə götürdüyü beynəlxaq öhədiklər pozmaqla, ayyarım əvvəl tərəflərə imzalatdığı Moskva bəyannaməsinin qüvvədən düşməsidir.
“Artıq Moskvada imzalanmış bəyannamənin Azərbaycan üçün heç bir siyasi qüvvəsi qalmayıb. Yəni Azərbaycan Moskva bəyannaməsində öz üzərinə götürdüyü “münaqişənin yalnız sülh yoluyla həllinə çalışacam” tipli öhdəlikdən qurtuldu. İndən belə Azərbaycan prezidenti İlham Əliyev Moskva bəyannaməsinə boylanmadan da hərəkət edə bilər.
Rusiya öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmirsə, biz niyə onun hazırladığı bəyannaməni əsas tutmalıyıq? Digər tərəfdən, Rusiya və Ermənistan Türkiyənin də dəstəklədiyi ATƏT-in “Cinah sazişini” müddəalarını pozublar.Bu hadisədən sonra Azərbaycan Qərbin təhlükəsizlik institutlarına daha sıx inteqrasiya olunmağa çalışmalıdır. Bəlkə mümkün olarsa, yaxınlarda Türkiyə ilə hərbi-strateji anlaşma da imzalamalıdır”.
Cənab Şahinoğlu habelə hesab edir ki, Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində silah ötürməsi yalnız Azərbaycanı yox, Türkiyəni də narahat etməlidir. Çünki bu silahların böyük hissəsi Türkiyə sərhədinə yaxın hərbi bazada yerləşdirilib.
Bu arada, Sergey Lavrovun bu axşam Azərbaycanın xarici işlər nazirinə zəng etdiyi bildirilir. Nazirliyin yaydığı açıqlamada tərəflərin məsələ ilə bağlı birgə təhqiqatı davam etdirməyə razılaşdıqları vurğulanır.
Günün əvvəlində müşavirə keçirən Azərbaycan prezidenti İlham Əliyev isə rəsmi Bakının bu il hərbi xərclərini əhəmiyyətli dərəcədə artıracağını elan edib.