Accessibility links

Minsk Qrupunun həmsədrləri Bakıdadır


Beynəlxalq vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktiv səylərini bu il də sınaqdan keçirmək niyyətindədirlər.

Üç aylıq fasilədən sonra ATƏT-in Minsk Qrupunun rusiyalı və fransalı həmsədrləri bu gün Bakıya səfər ediblər. Amerikalı həmsədr Metyu Brayzanın da sabahdan onlara qoşulacağı gözlənilir.

Həmsədlər məqsədlərinin Azərbaycan və Ermənistan liderləri arasında yeni təmasların təşkili olduğunu bildiriblər.

Lakin vasitəçilərin bu səfəri ABŞ-da yeni prezidentin andiçmə mərasiminin keçirildiyi, Rusiyada ilə bu ölkənin Ermənistana silah bağışlaması barədə Azərbaycan tərəfinin idiialarının araşdırıldığı bir dövrdə həyata keçirilir.

Bu baxımdan yerli ekspertlər Minsk Qrupunun bedəfəki səylərinin də bəhrəsiz qalacağını güman edirlər. Bakıdakı Turan İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev həmsədrlərin səfəri ilə əlaqədar "Amerikanın səsi"nə aşağıdakıları deyib:

"Heç bir ciddi irəliləyiş gözləmirəm. Azərbaycanla Ermənistanın mövqeyində ciddi dəyişiklik baş verməyib, digər tərəfdən də həmsədr ölkələrin başları başqa problemlərə qarışıb.

ABŞ-da yeni administrasiya hakimiyyətə gəlməlidir, prezident Barak Obamanın inaqurasiyası olacaq, o biri yandan da regionun özündə başqa ciddi problemlər var. Rusiya Ukrayna ilə problemlərini həll edə bilmir, Azərbaycan isə referendum keçirməyə hazırlaşır. Belə bir şəraitdə Qarabağ məsələsinin həllində nəyisə gözləmək düzgün olması.

Lakin eyni zamanda həmsədrlər bölgəyə səfərləri ilə öz missiyalarını formal da olsa davam etdirməyə çalışırlar. Onlardan bundan artığını gözləmək də düzgün olmaz".

XS
SM
MD
LG